Bazar günü havanın daha isti olacağı gözlənilir

3 İyul 2022 11:47 (UTC+04:00)

Yaponiyanın geniş ərazilərində həftə ərzində hökm sürən isti havanın bazar günü daha da güclənəcəyi gözlənilir. SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, istirahət günlərində ölkənin qərb və şərq ərazilərini əhatə edən yüksək hava təzyiqi nəticəsində termometrlərin civə sütunu kəskin artıb.

Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasının Ueda şəhərində gündəlik maksimum temperatur 38,8 dərəcə, qərbdə yerləşən Kiotoda isə 38,6 dərəcə selsiyə bərabər olub.

Artıq səkkiz gündür ki, Tokioda havanın temperaturu 35 dərəcədən yuxarı qalxır.

Yaponiyanın qərbində və şərqində bazar günü buludlu havanın olacağı və yağış yağacağı proqnozlaşdırılsa da, temperaturun həmin həddə qalacağı bildirilir.