Avrozonada inflyasiya səviyyəsi rekord həddə çatıb

3 İyul 2022 03:30 (UTC+04:00)

Avrozonada enerji və ərzaq xərclərinin artmağa davam etməsi fonunda iyun ayında inflyasiya səviyyəsi rekord həddə yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyunda Avrozonada illik inflyasiya 8,6 faiz olub. Bu, “Eurostat” tərəfindən Avrozonada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiya aylıq müqayisədə isə 0,8 faiz artıb. Ən yüksək qiymət artımı 41,9 faizlə enerjidə qeydə alınıb. Qida, spirt və tütün məmulatlarının qiyməti 8,9 faiz, qeyri-enerji sənayesi məhsullarının isə 4,3 faiz artıb.

Bildirilib ki, iyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna gərginliyi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.