Lənkəranda 1-ci qrup əlil yanğından xilas edildi - FHN

2 İyul 2022 12:13 (UTC+04:00)

Lənkəranda evdə baş verən yanğında yataq xəstəsi xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1 mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı yataqda olan 1-ci qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.