Qalib Ordumuzla fəxr edirik

1 İyul 2022 17:57 (UTC+04:00)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Əsası 1918-ci ildə qoyulan, Ulu öndər tərəfindən bərpa edilən, Ali Baş Komandan İ. Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycan Silıahlı Qüvvələri 2020-ci ildə bir daha dünyaya öz cəsarətini, inkişaf tempini, gücünü göstərdi.

24 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak etdilər. Bu hadisə hər bir azərbaycanlının Vətənimiz, Ordumuz, Ali Baş Komandanımızla qürur duymasına səbəb oldu. Açılış mərasimində ölkə başçısının çıxışı zamanı bu hadisənin ölkə tarixindəki əhəmiyyətinə toxunulmuş, həmçinin dəmir yumruğun zərbəsini dadmış düşmən mövqedə olan qüvvələrə qarşı xəbərdarlıq edilmişdir.

“Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

Hadrutda birinci komando hərbi hissəsinin istifadəyə verilməsi sübut edir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Təəssüf ki, bir çox hallarda dünya bu gün ədalət, sülh, hüquqi məsuliyyət anlayışlarına sadəcə bir söz, ifadə dəyərində qeyri-ciddi münasibət göstərir. Buna görə də Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir, dünyada hüquq deyil, güc amili ön plandadır. Ali Baş Komandanın dediyi kimi: “İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədaləti bərpa etməyə beynəlxalq təşkilatlar öz gücünü səfərbər etməmişdir. Halbuki haqq bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq!”

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib;

Bu gün Azərbaycan xalqının öz Ordusunun gücünə, döyüş taktikasına, və Ali Baş Komandanın uzaqgörən hərbi strategiyasına güvəni sonsuzdur. Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Biz buna əminik!

Daim dəyişən və yenilənən siyasi hadisələr çərçivəsində Azərbaycan misilsiz bir nümunə sərgiləməklə işğaldan azad edilmiş bölgələrdə bərpa, yenidənqurma, təchizetmə proseslərini sürətlə davam etdirir.

Məhz bu məqamlardan biri də ölkə başçısının- Prezident İlham Əliyevin iştirakı ilə 26 iyun 2022-ci il tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasiminin keçirilməsidir. Mərasimdə Ali Baş Komandanın çıxışı əsasında biz İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımların atıldığına, yeni su zavodunun təməlinin qoyulduğuna, “İstisu” adı ilə istehsalın yenidən bərpa ediləcəyinə, istisunun ixrac ediləcəyinə, yeni yolların çəkildiyini və çəkiləcəyinə əmin olduq.

Həmçinin ölkə başçısının mərasimdə işğaldan azad edilmiş bölgələrin inkişaf planı ilə bağlı qeydləri də hər bir azərbaycanlının doğma Vətənimizin gələcəyi ilə bağlı arzuların nəzərə alındığından xəbər verir: “ Yəni biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik”.

Çıxış zamanı söylənilən “Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz”, – fikirləri azad edilmiş bölgələrdə hərbi xidmət və quruculuq nöqteyi-nəzərindən həm iqlim, həm relyef, həm də infrastruktur baxımından ən çətin bölgə olduğu qənaətini hasil edir. Lakin Azərbaycan xalqı ölkə prezidentinin və onun müzəffər ordusunun yanındadır. Azərbaycan xalqı qurucu, yaradıcı xalqdır. Əminik ki, qısa zamanda həmin bölgələr öz itirilmiş təravətini, isti nəfəsini, parlaq günlərini bərpa edəcək.

Bir Azərbaycan vətəndaşı, gələcəyin təlim-tərbiyəsinə cavabdehlik edən bir təhsil işçisi kimi Vətənimizin gələcəyinə dair arzularımız çox, ümidimiz tükənməzdir. Bu günə qədər gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür. Ölkə Prezidentinin də dediyi kimi: “Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər”.

Könül Həsənova,

Bakı şəhəri, Xətai rayonu 27 nömrəli tam orta məktəbin direktoru