Azərbaycan xalqı tarixi Zəfərlə hər zaman qürur duyacaq! - ŞƏRH

1 İyul 2022 17:57 (UTC+04:00)

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox vacib məqamlara toxundu, mühüm mesajlar verdi. Cənab Prezident tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra əhəmiyyətli məsələlərdən bəhs etdi.

Ümumiyyətlə, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə çıxışı zamanı bir daha inamla, qürurla və qətiyyətlə bəyan etdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Dövlət başçısı bildirdi: “Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”.

Məlumdur ki, dünyada indiyə qədər çox sayda müharibə baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, güclü dövlət quruculuğuna müvəffəq olmuş və həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında formalaşan Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı!

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri