Xəzər dənizi böyük beynəlxalq nəqliyyat qovşağına çevrilir

1 İyul 2022 17:56 (UTC+04:00)

Azərbaycan daima Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmasını önə çəkib.

Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən Xəzər dənizinin statusunun razılaşdırılmasına yönəlmiş qətiyyətli addımlar atılmağa başlandı. Azərbaycan tərəfi bu proses üzrə danışıqların başlanmasından etibarən həm xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Xüsusi İşçi Qrupunun iclaslarında, həm xarici işlər nazirlərinin görüşlərində, həm də dövlət başçıları səviyyəsindəki Zirvə toplantılarında fəal və konstruktiv şəkildə iştirak edib. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Onu da əlavə edim ki, bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycanın Xəzərlə bağlı önəm verdiyi digər bir məsələ də Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsidir. Bəlli olduğu kimi Prezident bəhs edilən çıxışında bu məqamın üzərində də xüsusi olaraq dayandı. Dövlət başçısı bəyan etdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Məhz bu kontekstdə vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Sözügedən çıxışda da vurğulandığı kimi Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Qeyd edilməlidir ki, bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Arif Cəlilov,
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (QSC) İstehsalat Xidmətləri İdarəsi
​Yeni Azərbaycan Partiyası Xətai rayonu “DƏNİZÇİLƏR” ərazi partiya təşkilatının sədri