Biz bu gün qalib insanlar kimi yaşayırıq ŞƏRH

1 İyul 2022 17:42 (UTC+04:00)

Biz xoşbəxt xalqıq ki, ordumuz 44 gün ərzində başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla onun dəmir yumruğu altında birləşərək yekdil oldu, bir oldu Azərbaycanın 30 ilə yaxındır ki, erməni vandallarını düşmən əsarətində olan dədə-baba torpaqlarımızdan iti qovan kimi qovdu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi. Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqla­rına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidenti­miz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qa­rabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi! Bir sözlə, prezidentin komandanlığı altında ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək Qarabağımızı qısa zamanda azad etdi. Beləliklə, Vətən müharibəsi no­yabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Prezident İlham Əliyevin çıxışlarında dediyi kimi, “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”. Zəfər bayrağımızın dalğalandığı hər bir qarış torpağımız Azərbaycan ordusunun şücaəti və qəhrəmanlığının əsəridir. Onlar analarını, bacılarını, ailələrini, uşaqlarını bizə əmanət qoyub əzmkarlıqla canlarını qurban verdilər. Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimiz daima qəlbimizdə yaşayacaqdır.

Azad Balayev

YAP Balakən rayon təşkilatının sədri