Gender bərabərliyinin qorunmasında uğurlu nəticələrimiz var - TƏHLİL

1 İyul 2022 17:22 (UTC+04:00)

Əsrlər boyu qadınlar yalnız ailə daxili işlərlə məşğul olub və onların fəaliyyəti yalnız evin, ərin, uşaqların qayğısına qalmaqla məhdudlaşıb. Hətta qız uşaqlarının təhsil almasına belə şərait yaradılmayıb və sanki onlar cəmiyyətdən təcrid olunmuş halda yaşayıblar. Zaman keçdikcə qadınların cəmiyyətdə fəal iştirak etməsinə, özünəməxsus yer tutmasına baxmayaraq, hələ də bəzi hallarda, təsadüfi də olsa keçmiş ənənənin təsirinin qaldığını müşahidə edirik və bu da məhz gender bərabərsizliyinə gətirib çıxarır.

Qadınların cəmiyyətdə fəal iştirak etməsinə mane olmaq istəyənlər, bunu islam əxlaqı ilə əlaqələndirmək fikrində olanlar da yanılırlar. Çünki islam dini mütərəqqi dindir və ayrı-seçkiliyə rəvac verilməsi islam əxlaqına tamamilə yaddır. Bir zamanlar qız övladlarının diri-diri basdırılmasına qarşı da məhz islam dini çıxdı və insanlara bildirildi ki, qadınlar və kişilər arasında fərq qoyulmamalı, hər birinə hörmətlə yanaşılmalıdır. Deməli, gender bərabərsizliyində islam dinini günahlandırmaq tamamilə böyük bir yanlışlıqdır.

Bəzən Qərb, Avropa Azərbaycan cəmiyyətini gender bərabərsizliyinin olduğu cəmiyyət kimi dünyaya təqdim etməyə çalışır. Elə təsəvvür yaratmaq istəyirlər ki, guya hələ də Azərbaycanda qadın hüquqları tapdalanır və onlar qətiyyən bərabərhüquqlu sayılmırlar. Halbuki, Azərbaycan Konstitusiyasında, ölkə qanunvericiliyində qadın hüquqlarının müdafiəsi qanunla tənzimlənir, hüquqları müdafiə olunur, kişi və qadınların hüquqlarının bərabərliyinə ölkəmizdə xüsusi önəm verilir.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, özlərini sivil ölkə hesab edən bir çox yerlərdən də öncə Azərbaycanda qadınların kişilərlə bərabərhüquqlu olduğunu, gender bərabərliyinin ölkəmizdə mövcudluğunu tarix belə təsdiq edir. Belə ki, hələ ötən əsrin əvvəllərində Azərbaycan qadınının cəmiyyətdə rolunun olduğunu hamı çox yaxşı bilir. Bilməyənlərin isə nəzərinə çatdırmaq lazım gəlir ki, hələ 1908-ci ildə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaradıcısı olub. Beynəlxalq konfransda çıxış edən Həmidə Məmmədquluzadə də Azərbaycan qadını olub və məhz onun tərəfindən oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsası qoyulub. Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin qız uşaqlarının təhsili ilə bağlı şerlərinə də rast gəldikdə görürük ki, “qız balalar məktəbə hazır olalar”, deyən ədib qız uşaqlarının təhsilinə xüsusi diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb. Bir sözlə, Azərbaycan cəmiyyəti hələ ötən əsrin əvvəllərindən belə bərabərhüquqlu cəmiyyət qurulmasının tərəfdarı olub və buna da ölkəmizdə nail olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, qadınların seçmək və seçilmək hüququnu təsbit edib və beləliklə də Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi məhz Azərbaycan tarixə düşüb, hansıki indi bizim cəmiyyətimizi gender bərabərsizliyində qınayanlar bunu yaxşı bilirlər. Yaxşı bilirlər ki, özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiçisi kimi təqdim edən ABŞ-da qadınlara seçmək və seçilmək hüququ 1920-ci ildə verildiyi halda, bundan iki il öncə Şərqdə ilk olaraq, Azərbaycanda qadınların seçmək və seçilmək kimi konstitusyon hüquqları var idi. Qoca Qitə kimi tanınan Avropanın ən inkişaf etmiş ölkələrinin birində, daha dəqiq desək, Fransada isə qadınlara hələ 1944-cü ildə seçmək və seçilmək kimi bir hüquq verilməyə başladı. Bütün bunlar təsdiq edir ki, gender bərabərliyi bir çox inkişaf etmiş dövlətlərdən öncə Azərbaycanda mövcud olub və indi də var.

Bir məqamı bir daha diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı hüquqi bazanın yaradılması son zamanlara təsadüf etmir və artıq İstiqlal Bəyannaməsində bu barədə qeyd olunurdu. Sözsüz ki, həmin hüquqi baza get-gedə daha da təkmilləşdirildi. Artıq müstəqilliyini bərpa edən Azərbaycanın Konstitusiyasında qadınların hüquqlarının müdafiəsini nəzərdə tutan daha mükəmməl qanunlar var. Bu gün artıq Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cəmiyyətlər, təşkilatlar mövcuddur və fəaliyyətləri də göz önündədir. Bu fəaliyyət barədə Qərb də, Avropa da, ümumilikdə bütün dünya da xəbərdardır. Həmin təşkilarların, cəmiyyətlərin qadınlara qarşı zorakılıq, erkən nikaha məcbur edilmə və digər məsələlərə qarşı mübarizəsi də az deyil, çünki hələ də istər Azərbaycanda, istərsə də bütövlükdə dünyada belə zorakılıq hallarına rast gəlinir.

Bəzən cəmiyyətimizdə belə bir fikirlə rastlaşılır, guya ki, qadına daim kişi köməyi lazımdır, əks halda qadın heç nəyin öhdəsindən gələ bilməz və qadının başının üstə kimsə nəzarət etməlidir ki, o nəinsə öhdəsindən gələ bilsin. Bu fikirlərin də tamamilə yanlış olduğu artıq dəfələrlə öz təsdiqini tapıb və biz artıq bilirik ki, Azərbaycan qadını cəmiyyətimizdə özünəməxsus yer tutub və hər bir ictimai işin də öhdəsindən layiqincə gəlir. Hazırda Azərbaycan qadını yüksək vəzifələrdə çalışır, parlamentdə təmsil olunur, xalq tərəfindən millət vəkili seçilir və bu seçimlərin hər birinə layiqli olduğunu öz işi, öz əməli, öz uğurları ilə təsdiq edir. Azərbaycan qadını məktəblərdə, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur, elmi kəşflər edir, müxtəlif sahələrdə uğurlar qazanır və elmin də, mədəniyyətin də inkişafına töhfələr verir. Ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında qadınlarımız Azərbaycanı xaricdə təmsil edir və bütün bunların da öhdəsindən layiqincə gəlir. Azərbaycanın yetərincə diplomat qadınları və idmançıları bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırır. Bir sözlə, bütün sadalanan faktlar təsdiq edir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və bundan sonra da Azərbaycanda bu bərabərlik qorunacaq.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.