Azərbaycan müasir şəhər planlaşdırılması həyata keçirir

1 İyul 2022 16:42 (UTC+04:00)

Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Yerləşdiyi regionun unikallığı nəzərə alınarsa, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirir. Bu gün ölkəmizdə aparılan xarici siyasət bu prinsiplərə istinad edərək, geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Digər tərəfdən Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzvdür və ölkəmiz regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı bir daha Azərbaycanın dünyada öz sözünü deyən dövlət kimi tanınmasını sübut etdi.

Ölkə başçısı ilk olaraq öz çıxışında 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olmasını qeyd etmişdir. Bu hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Həmçinin cənab Prezident İlham Əliyev paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunmasında söz açaraq paytaxt Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübələrdən danışıb. Qeyd edək ki, son illər ölkəmizin paytaxtı Bakı şəhəri geniş quruculuq meydanına çevrilib. Şəhərin abadlaşdırılması sahəsində xeyli işlər görülüb və bu proses uğurla davam etdirilir.

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında ölkə başçısı cənab İlham Əliyev Azərbaycan hökumətinin şəhərsalma planlarından, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən də geniş və ətraflı çıxış etdi. Ölkə başçısının çıxışı bir daha dünya ictimaiyyətinin diqqətinin ölkəmizə yönəldilməsinə səbəb oldu. Möhtərəm Prezident çıxış Azərbaycan həqiqətlərini, mövcud reallıqları, 30 ilə yaxın bir müddətdə işgal altında olmuş şəhərlərimizdə Ermənilərin törətdiyi vandalizmi, azad edilmiş ərazilərimizdə görüləcək işləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”. Cənab İlham Əliyev bir daha işğalçı dövlətin törətdiyi vandalizmi Forum iştirakçılarının diqqətin çatdırdı. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan rayonlarımızda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır və ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Ölkə başçısı sessiyada çıxışı zamanı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Bütün bunlar göstərir ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Ali Baş Komandan cənab İlham Əliyev həmçinin qeyd etdi ki, “Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək”. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır. Qısa bir zaman ərzində həyata keçirilən bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı