Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik mühüm əhəmiyyətə malikdir ŞƏRH

1 İyul 2022 16:39 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunda “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyada videoformatda çıxış edərək həm regional, həm də qlobal məsələlərə geniş şəkildə toxundu. Cənab Prezident İlham Əliyev mühüm beynəlxalq platforma çərçivəsində bir daha dünya ictimaiyyətinə Azərbaycanın sülhsevər siyasətini çatdıraraq bildirdi ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan çəkinməlidir. Dövlətimizin başçısı Forumda çıxışı zamanı beynəlxalq aləmin diqqətini regionda yaranan yeni reallığa yönəldərək, Azərbaycan-Ermənistan arasındakı mövcud münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının böyük əhəmiyyəti ilə bağlı, region ölkələrinin əməkdaşlığı və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin qeyri müəyyən mövqeyi barədə konkret fikirlər səsləndirib.Prerzident qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirdiklərini söyləmişdir. Cənab Prezident bidirmişdir ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.“ Azərbaycan Prezidenti işğaldan azad olunmuş şəhər və kəndlərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq bildirib ki, Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edildiyini bildirən dövlətimizin başçısı əlavə edibki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Cənab Prezident eyni zamanda bildirdi ki, Azərbaycanın məqsədi BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etməklə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır.Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri