Erməni vandalizminin azyaşlı qurbanları TƏHLİL

1 İyul 2022 16:27 (UTC+04:00)

2020-ci il Azərbaycanın Zəfər tarixi olaraq salnamələrə yazıldı. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. Qisas qiyamətə qalmadı. 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Biz bu Zəfəri yaşamaqla, bərabər ermənilərin törətdikləri terror aktlarını da unutmuruq. Ermənilər Azərbaycan ərazilərini işğal etməklə əhalini öz doğma torpaqlarından didərgin salır, dinc əhaliyə amansız divan tutur, sərnişin nəqliyyatlarında və mülki obyektlərdə terror aktları törədirdilər. Belə vandal aktların nəticəsində 2 mindən artıq günahsız insan həlak olmuş, çoxlu sayda insan ömürlük şikəst olmuşdur. 1989-cu il sentyabrın 16-da törədilən terror aktı zamanı Bakı-Tbilisi sərnişin avtobusu partladıldı və 30 nəfər həlak oldu və yaralandı. 1990-cı ilin fevralında Şuşa-Bakı, həmin ilin avqustunda Tbilisi-Ağdam marşrutları üzrə hərəkət edən sərnişin avtobuslarında da terror aktları törədildi. Bu partlayışlar zamanı 40-a yaxın günahsız insan qətlə yetirildi. Terror aktlarını A. Avanesyan və M.Tatevosyan törətmişdilər. 1990-cı il martın 24-də erməni terrorçuları Qazax rayonuna basqın edərək 6 nəfəri qətlə yetirmişlər. 1991-ci il mayın 30-da Dağıstanın Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarının partladılması da faciəli sonluqla nəticələndi: 11 nəfər həlak oldu, 22 nəfər isə yaralandı. Terror aktlarının sayı gündən-günə çoxalırdı. Azərbaycanın hər bir yerində demək olar ki, terrorlar törədilir, insan qanına susamışların əməlləri səngimirdi. Sərnişin avtobuslarında, qatarlarda, dəniz bərəsində törədilən terrorlar nəticəsində insanlar öz həyatlarını itirirdilər. Belə ki, 1991-ci noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycana məxsus "Mi-8" vertolyotunu atəşə tutaraq partlatmış, nəticədə tanınmış şəxslər, dövlət xadimləri, o cümlədən Rusiya və Qazaxıstandan olan müşahidəçilər də daxil olmaqda 23 nəfər həlak olmuşdur.

İNSANLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Bu xronologiyanı qələmə aldıqca bitmir. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olundu. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə hər bir azərbaycanlının xatirindədir. Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu.

Beş il əvvəl 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən daha bir çirkin siyasətin nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.

BEYNƏLXALQ TƏŞKİLATLAR TƏRƏFİNDƏN QƏBUL EDİLƏN HÜQUQ NORMALARI POZULDU

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı isə istənilən vəziyyətdə əyilməz olduğunu göstərərək, vətən sevgisini hər şeydən uca tutdu. Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq olaraq birləşdi və Zəfər qazandı. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.

Zümrüd BAYRAMOVA