ABŞ-ın reallaşan “arzusu”..?

1 İyul 2022 14:11 (UTC+04:00)

...Axır ki, ötən ay ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü “Qazprom”un bu regiona ixracını üstələyib.

Qeyd edim ki, əslində ABŞ bununla böyük önəm verdiyi istəklərindən birini reallaşdırmış olub.

Bu arada Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da “...bu yaxınlarda Rusiyanın Avropa İttifaqına təbii qaz tədarükünü kəskin şəkildə azaltması, ABŞ-dan Avropa İttifaqı ölkələrinə mayeləşdirilmiş təbii qaz idxalını artımına səbəb olduğunu etiraf edib.

Yeri gəlmişkən, bu etirafı Rusiyanın ən böyük multimedia holdinqi “RosBusinessConsulting” da artıq edib.

Məsələ bundadır ki, amerikalılar belə bi addım atmaqla tarixdə ilkə imza atmış olublar. Deyim ki, təəssüflə də olsa, amma sonradan rus nəşrləri də bunu etiraf etmək məcburiyyətində qalıblar.

Bu arada Birolun sözlərinə görə, bütün bunalara baxmayaraq, amma Avropa İttifaqı qaza daxili tələbatı azaltmaq və sərt qışa hazırlaşmaq üçün indidən səy göstərməlidir.

Xatırladaq ki, iyunun 14-də “Qazprom “Şimal axını” vasitəsilə gündəlik qaz nəqlini 167 milyon kubmetrdən 100 milyon kubmetrə qədər azaltdığını elan edib. Bunun “vəlvələ və ya zəlzələ” ilə əlaqəli olması ilə bağlı bir şey deyilməsə də, amma rus tərəfi əsas kimi bunu Portovaya kompressor stansiyasının qaz nasos aqreqatlarının təmirinin ləngiməsi ilə əlaqələndirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra Avropa ölkələrinə qaz tədarükünün azalmasını Kanada hakimiyyətinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə əlaqələndirmişdi.

Belə ki, onun dediyinə görə, “Şimal axınını” qazla təmin etmək üçün istifadə edilən Siemens turbinlərinin sıradan çıxmış hissələri təmir üçün Kanadanın Monreal şəhərinə göndərilsə də, amma hələ ki, həmən hissələrdən bir xəbər-filan yoxdur...yəni boru kəməri üçün turbinlər təmirdən geri qaytarılmayıb.

... Və bu arada, yəni iyunun 24-də Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller Rusiyanın “Şimal axını” qaz kəməri ilə Almaniyaya təbii qaz nəqlini dayandıracağını istisna etməyib. Onun sözlərinə görə, Federal Şəbəkə Agentliyi belə bir vəziyyətdə hələ ki, müxtəlif fəaliyyət ssenarilərini öyrənir.

Maraqlıdır ki, Klaus Müller Rusiya ilə əməkdaşlığa son vermək ehtimalı səbəblərini də açıqlayıb. Belə ki, Müllerə görə, onların əksəriyyəti “xoşagələn deyil və ya qışın sonunda çox az qaz, ya da payız və ya qışda çox çətin vəziyyət deməkdir".

...Deyim ki, bizlərdə, ötəri də olsa “əsil dənizçi səliqəsi” (?) “olduğu kimi”, Almaniya əsrlər boyu nizam sinonimi olub və...olaraq qalmaqdadır.

Ağasəf Babayev