Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

1 İyul 2022 03:20 (UTC+04:00)

İyulun 1-dən etibarən Ukraynada, onun ərazisinə daxil olan bütün Rusiya vətəndaşları üçün viza rejimi fəaliyyətə başlayır. Belə ki, bu gündən etibarən Rusiya və Ukrayna hökumətləri arasında “Ukrayna və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında” saziş fəaliyyətini dayandırır.

“...Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukraynaya girişi rejiminə yenidən baxılmasını təklif etdim”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zelenski cümə günü bunu “Telegram” kanalında yazıb.

Beləliklə, indi ruslar Ukraynaya daxil olmaq, ölkədə qalmaq və onun sərhədlərini tərk etmək, həmçinin buradan tranzit keçmək üçün vizaya ehtiyac duyacaqlar.

Belə ki, ruslar viza üçün Rusiyanın səkkiz şəhərində (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kalininqrad, Kazan, Novosibirsk, Rostov-on-Don və Samara) və ya üçüncü ölkələrdəki VFS Global viza mərkəzlərinə viza üçün müraciət edəcəklər. Yeri gəlmişkən, “Visa Facilitation Services Global” kimi də tanınan VFS Global, autsorsinq və texnologiya təmin edən şirkətdir. Şirkət dünya üzrə hökumətlərə və diplomatik nümayəndəliklərə xidmət göstərir.

Bu arada onu da qeyd edək ki, vizanın olması faktı Rusiya vətəndaşının ölkəyə buraxılacağına zəmanət vermir, yəni burada yekun qərar sərhədçilərin verdiyi göstərişdən asılı olacaq.

Deyim ki, bu daha çox ABŞ təcrübəsində müşahidə edilməkdədir. Belə ki, uzun okean qət edib ABŞ-ın hansısa bir şəhər aeroportundakı viza-keçid məntəqəsindən səni geri də qaytara bilərlər. Əslində, ABŞ təcrübəsində bunun xeyli nümunəsi mövcuddur, Əgər ABŞ sərhədçisi səndə nəsə bir “qeyri -adilik” müşahidə edərsə, bu halda sənin ölkəyə buraxılmayıb, elə “gəldiyin təyyarə ilə geri göndərilməyin” mütləqdir...

Onu da deyim ki, bu qərar da Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilib.

...Və sonda xatırladım ki, Rusiya Federasiyası Hökuməti və Ukrayna Hökuməti arasında Rusiya Federasiyası və Ukrayna vətəndaşlarının vizasız gediş-gəlişi haqqında saziş 1997-ci ilin 16 yanvardan fəaliyyət göstərirdi.

Ağasəf Babayev