Rusiya düyü ixracına qadağa qoyur...

1 İyul 2022 00:00 (UTC+04:00)

Beləliklə, Rusiya iyulun 1-dən dekabrın 31-dək düyü və yem amin turşularının ixracını qadağan edir.

Amma... SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhdudiyyətlər Avrasiya İqtisadi birliyi ölkələrinə təsir etməyəcək.

“2022-ci il iyulun 1-dən dekabrın 31-dək, o cümlədən, Rusiyada yem amin turşularının, düyü və düyü yarmalarının ixracına məhdudiyyətlər qoyulacaq. Hökumət Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış müvafiq fərmanları artıq imzalayıb”. Bunu Rusiyanın bu sahəyə məsul idarələri də təsdiq edib.

Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, qəbul edilən qərarlar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və emal sənayesinin dəstəklənməsi məqsədi daşıyır. Kənd təsərrüfatı heyvanlarının tam qidalanması üçün lazım olan mühüm yem amin turşularının - L-lizin sulfat, L-lizin monohidroxlorid və DL-metioninin ixracı qadağan edildi. Qeyd edək ki, qərarın daxili bazarda mümkün kəsirin qarşısını alacağına da ümid edirlər.

Bir daha xatırladaq ki, düyü və düyü yarmalarının ixracına qoyulan qadağa Avrasiya İqtisadi birliyi ölkələrinə və beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində ixraca şamil edilməyəcək. Amin turşularının ixracı Avrasiya İqtisadi birliyi ölkələrinə, Abxaziyaya, Cənubi Osetiyaya, DXR və LPR-ə, habelə beynəlxalq humanitar yardımın göstərilməsi məqsədilə davam etdirilə bilər.

Ağasəf Babayev