Azərbaycan şəhər inkişafı sahəsində nəhəng təcrübəyə sahiblənir ŞƏRH

30 İyun 2022 18:17 (UTC+04:00)

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində apardığı yenidənqurma işlərində tətbiq etdiyi ən müasir konsepsiyalarla həqiqətən də heyrətamiz nəticələrə nail olmuşdur. O cümlədən “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir. İyun ayının 27-də Polşada Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında videoformatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələlərlə bağlı ölkəmizdə mövcud vəziyyət və görülən işlər barədə tədbir iştirakçılarına dolğun və maraqlı açıqlamalar təqdim etmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.

Həqiqətən də bu gün ölkəmizdə şəhərsalma işlərinin hər zaman olduğundan daha böyük vüsət aldığı danlmaz faktdır. Xüsusilə paytaxt Bakının son bir neçə ildə kəskin şəkildə dəyişən görkəmi hər kəsi heyran edir. Xəzərin sahilində bir mirvari olan Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Eləcə də son dövrlərdə ölkənin digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması istiqamətində böyük işlər görülür və artıq bu sahədə kifayət qədər böyük təcrübə əldə olunub.

Əlbəttə ki, bu gün ölkəmizdə aparılan quruculuq işlərindən danışarkən ilk növbədə diqqət mərkəzinə işğaldan azad olunmuş ərazilər gətirilir. Artıq bütün dünya da bilir ki, 30 illik işğal dövründə Ermənistan bu ərazilərdə yerləşən şəhər və kəndləri qəsdən dağıdıb, hər bir mədəni və dini abidəmiz isə erməni vandalları tərəfindən talan edilib, viran qoyulub. İşğal illərində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən tamamilə silinib. Məhz Prezident İlham Əliyevin səyləri ilə xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərlər etmiş və bu səfərlər zamanı bütün törədilən vandalizm aktlarının dəhşətli nəticələrinin şahidi olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Təsadüfi deyil ki, ən çox dağıntılara məruz qalmış Ağdam şəhərini xarici mütəxəssislər “Qafqazın Hiroşiması” adlandırıblar.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı kimi çıxış edir. Sessiyadakı çıxışında dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, məhz sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Buna görə də Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Əlbəttə ki, bu təklif əslində hamıdan çox elə Ermənistanın maraqlarına cavab verir. Azərbaycan isə öz quruculuq işlərinə istənilən halda davam edir və edəcək.

İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin vüsətini qeyd etmək üçün kifayət qədər nümunələr mövcuddur. Məsələn, Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. Əgər rayonun mürəkkəb relyefi və görülən işlərin ən yüksək standartlara uyğunluğu nəzərə alınarsa, bu nəticənin həqiqətən də böyük nailiyyət olduğunu demək olar. Eləcə də işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Birmənalı olaraq deyə bilərik ki, yenidənqurma prosesində Azərbaycan keyfiyyət və sürəti birləşdirmək hədəfinə doğru inamla gedir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeni şəhər və kəndlərində ən müasir layihələrin tətbiqi sayəsində yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Artıq Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni, müasir şəhər inşa olunur. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir və Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.

Arif Fərzəliyev,

YAP Cəbrayıl rayon təşkilatının sədri