Ölkəmizdə sağlam düşüncəli, vətənpərvər gənc nəsil formalaşıb ŞƏRH

30 İyun 2022 18:11 (UTC+04:00)

Azərbaycan 44 günlük müharibədə bir daha dünyaya nümayiş etdirdi ki, xalqımız necə qəhrəman xalqdır, ölkəmiz necə qüdrətli ölkədir, ordumuz necə rəşadətli ordudur. Müharibə zamanı könüllü qaydada ordu sıralarına qatılıb, vətən uğrunda döyüşüb canını belə fəda etməyə hazır olan və edən gənclərimiz isə bizim fəxrimiz, iftixarımızdır. Azərbaycan gəncliyinin vətənpərvərliyini, şücaətini yüksək qiymətləndirən dövlət başçısı bu cür qəhrəmanlara layiqli qiymətin, dəyərin verilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışında vurğuladı ki, Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Cənab Prezidentimiz müasir gəncliyin bütün sahələrdə öndə getməsi üçün lazımı dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət verir və bu məsələni hər zaman şəxsi nəzarətində saxlayır. Bu gün Ordu sıralarına qatılan məğrur gənclərimiz ərazi bütövlüyümüzü, sərhədlərimizi mərdliklə qoruyur, düşmən qarşısında hər zaman məğrurluqları ilə seçilirlər. Həmçinin Ali Baş Komandan Azərbaycanda yeni bir vətənpərvər nəslin yetişməsinə diqqət çəkərək bildirdi ki, Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir; Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Bu gün dünya gündəmində xalqların və dövlətlərin öz müqəddəratlarını həll etdikləri bir zamanda milli şüur, milli məfkurə əsas şərtdir. Bu anlamda Ölkəmizdə vətənpərvərlik ruhu çox yüksəkdir. Məlumdur ki, bu faktor ordu quruculuğu işinə öz müsbət töhfəsini verir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri