“Dövlət başçısının toxunduğu məsələlər bu gün də aktualdır” - POLİTOLOQ AÇIQLADI

30 İyun 2022 17:39 (UTC+04:00)

“Bu gün keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bağlı ölkə başçısı İlham Əliyevin çıxışı oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, bu çıxışda ölkə başçısının əsas toxunduğu məsələlərdən biri də Azərbaycan üçün vacib olan Qarabağ məsələsidir: “Qarabağ məsələsinin tənzimlənməsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin formalaşdırılması, 30 il ərzində baş verən proseslər və dünya birliyinin Qarabağ məsələsində tutduğu mövqe və s. məsələlər müzakirə olundu. Eyni zamanda Azərbaycanın haqlı mövqeyinə, regional və beynəlxalq təşkilatlarla fəaliyyətinə diqqət yetirildi. Bundan əlavə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sisteminə təsir imkanları da müzakirə olundu. Yəni bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ölkə başçısı İlham Əliyevin dərin məzmunlu nitqi oldu. Düşünürəm ki, dövlət başçısının bu məsələlərə toxunması əslində bu gün aktual olan beynəlxalq münasibətlər sisteminin əsas təməl prinsiplərindən ibarət olmasıdır. Onu da qeyd edim ki, bu məsələlər gələcəkdə öz aktuallığını da qoruyacaq. Çünki həm beynəlxalq münasibətlər sistemində xaotik münasibətlərin davam etdirilməsi, həm də bu gün Rusiya-Ukrayna arasında baş verən müharibənin regiona və dünya qlobal siyasi sisteminə təsirini görməkdəyik. Azərbaycanın belə mürəkkəb şəraitdə bütün imkanlardan istifadə edərək bölgədə sülhün əldə olunmasına çalışmasının özü belə gələcək perspektivlərə imkan yaradır”.