Sürücü-sərnişin münasibəti necə olmalıdır? - ARAŞDIRMA

30 İyun 2022 17:44 (UTC+04:00)

Şəxsi sürücü və ya ictimai nəqliyyat sürücüsü kimi işləmək istəyirsinizsə diqqətli olmalısınız. Bu tip işin tələb etdiyi tək şey yaxşı sürücü olmaq deyil. Yaxşı sürücü avtomobili məharətlə idarə etməklə yanaşı, başqa xüsusiyyətlərə də malik olmalıdır. Sakit olmalı, aqressiv hərəkətlərlə avtomobildə olan insanları təhlükəyə atmamalı və narahat etməməlidir. Heç vaxt unudulmamalıdır ki, nəqliyyatda olan insanların təhlükəsiz və rahat səyahəti üçün onlar məsuliyyət daşıyırlar. Güclü reflekslərə malik olmalı və gözlənilməz vəziyyətlərdə düzgün qərar qəbul edib onu dərhal həyata keçirməyi bacarmalıdırlar.

Şəxsi sürücü təhsili almaq insanın bu sahədə iş tapmaq şansına təsir edir, çünki alınan sertifikat işəgötürməyə müsbət təsir göstərir. Bu həm də insanın özünü inkişaf etdirməsinə, öz peşəsində daha yaxşı olmasına önəm verdiyini göstərir.

Şəxsi sürücü olmaq asan peşə deyil. İnsandan standart iş vaxtından kənarda işləməyi, özünü həmişə nəzakətli və gülərüzlü aparmağı, tıxacda sakit olmağı, səhv hərəkətlər etməməyi, daim diqqətli və sayıq olmağı tələb edir. İngilis dilini bilmək şəxsi sürücü kimi iş tapmaq şansını da artırır.

Yaxşı bir sürücü olmaq üçün məsləhətlər:

Təhlükəsizlik kəmərlərini bağlamağı unutmayan

Piyadalara yol verən

Güzgülərini yoxlayan

Siqnallardan istifadə edən

Yol nişanlarını yaxşı oxuyan və tətbiq edən

Telefona deyil, yola hakim olan

Sürət həddinə əməl edir

Yol qaydalarını bilmək də yaxşı sürücü olmağın şərtlərindəndir. Şəxsi sürücüsü işləmək istəyən şəxs nəqliyyat vasitəsində olan kişi və qadın sərnişinlərlə necə davranmalı, qapını necə açmağı bilməlidir.

Şəxsi sürücünün olması lazım olan xüsusiyyətlərdən biri də onun həmişə təmiz və baxımlı olmasıdır. O, həm də təmkinli olmalıdır, çünki o, işəgötürəndən və ya avtomobildəki digər insanların başqa heç kimin eşitməsini istəmədiyi söhbətlərini eşitməli ola bilər. İşəgötürənlər bəzən sürücülərini bununla bağlı sınaqdan keçirirlər. Etibarlılıq bu biznes üçün son dərəcə vacib meyardır.

Şəxsi sürücü idarə etdiyi nəqliyyat vasitəsinə texniki qulluq və texniki baxışdan da məsuldur. O, həmçinin ilk yardımın əsas prinsiplərini bilməlidir.

Avtobus idarə etmək səlahiyyəti olan şəxslərə avtobus sürücüsü deyilir. Onlar dövlət və ya özəl qurumlara məxsus çoxlu sayda sərnişin daşıya bilən avtobusları idarə edən insanlardır.

Avtobus sürücüsü şəhərdaxili və ya beynəlxalq avtobuslarla səyahət edən insanları daşıyan şəxsdir. Sərnişinlərin və onların əşyalarının təhlükəsiz şəkildə təyinat yerinə çatmasını təmin etmək üçün məsuliyyət daşıyır.

Avtobus sürücülərinin əsas vəzifəsi sərnişinlərin təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də avtobus sürücüsü son dərəcə diqqətli olmalı və üzərinə düşən vəzifələri tam yerinə yetirməlidir.

İnsan üçün 8 saat yatmaq vacib olsa da, avtobus sürücüləri cəmi 4-5 saat yata bilirlər. Bu da onların əsəb sisteminin hansı vəziyyətdə ola biləcəyini göstərir.

Biz tez-tez sürücü-sərnişin və ya avtobus sürücüsü ilə digər nəqliyyat vasitələrinin sürücüləri arasında münaqişələrin şahidi oluruq. Bu cür vəziyyətlərdə vətəndaş dərhal avtobus sürücüsünü qınaq obyektinə çevirir. Lakin günahı yalnız sürücüdə axtarmaq olmaz.

Belə münaqişələrin səbəbi kimi sürücünün avtobusu gec sürməsi, dayanacaqdan kənarda saxlamaması, sərnişinlə kobud rəftarı, avtobusa çox adam mindirməsi kimi faktorlar əsas gətirilir.

Avtobus sürücülərindən fərqli olaraq, şəxsi avtomobilindən gün ərzində bir neçə dəfə istifadə edənlər belə yolda gərginlik yaşayırlar. Bu baxımdan gününün çox hissəsini sükan arxasında keçirən avtobus sürücülərinin birmənalı qarşılanmayan davranışları başadüşüləndir.

Ötən gün Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə baş verib. Sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Yalnız bu deyil. Bu kimi hallar olduqca geniş vüsət alıb.

Bəs, sürücü-sərnişin münasibəti necə olmalıdır? Sürücü psixologiyası necədir? Çətin şəraitdə çalışan sürücülər üçün nələr edilməlidir? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların fikirlərini öyrənib.

Nəqliyyat eksperti Elməddin Muradlı: “Sürücü-sərnişin münasibətləri ilə bağlı hər hansı bir qayda mövcud deyil. Yəni, elə bir kitab, elə bir qanun yazılmayıb ki, sürücü sərnişinə can, sərnişin də ona bir xoş söz deməlidir. Belə qayda yoxdur. Sadəcə olaraq ictimai münasibətlərə aid yazılmamış qayda var. Belə bir şey ola bilməz ki, kimsə dursun, başlasın avtobusda uca səslə danışmağa. Təbii ki, bu mədəniyyətsizlikdir, sürücünün üstünə qışqırmağa, onu təhqir etməyə, çanta ilə vurmaq nə dərəcədə düzgün ola bilər? Təbii ki, buna normal yanaşmaq olmaz. Amma bunları durub kiməsə, 60 yaşında bir insana yenidən danışmağa ehtiyac yoxdur. O 60 yaşında insan özü bunu başa düşməlidir ki, bu belə düzgün deyil. Yəni, insanlar cəmiyyətdə, ictimai nəqliyyatda özünü aparmağı bacarmalıdır. Əgər bunu bacarmırsa, deməli o tam yetişməmiş, formalaşmamış bir insandır.

Ümumən sürücü sərnişin münasibətləri əvvəlki illərə nisbətdə xeyli yaxşılaşıb. Yəni, əvvəllər sürücülər daha aqressiv, daha kobud idi, təhqir edirdilər, qaydaları pozurdular. Yəni, ağlagəlməz hərəkətlər edirdilər və tez-tez də qəzalar baş verirdi. Amma son vaxtlar görürük ki, əvvəl sürücülər bunu edirdilərsə, indi sərnişinlər sürücülərə qarşı bunu edir. Dəfələrlə olub. Bəs, burada nə baş verir? Əslində mahiyyət etibarilə baxsaq ya sərnişin minib qapının ağzında dayanır, sürücü xəbərdarlıq edir ki, “ortaya keç”, sərnişin aqressiv cavab verir ki, “keçmirəm”, ya da onun başqa səbəbləri var.

Səbəblərdən də biri odur ki, bəzi sərnişinlər özlərinin rahatlığını düşünərək, harada rahatdırsa, orada avtobusa minmək və ya avtobusdan düşməyə çalışırlar. Sanki mütləq onların evinin qapısında avtobus dayanmalı, onu götürməli, düşəndə də orada düşürməlidir. Bu düzgün deyil. İnsanlar başa düşməlidirlər ki, bu belə olmaz. Yəni, harda gəldi avtobusu saxlatmaq, harada gəldi minmək, harada gəldi düşmək qanunsuz hərəkətdir. Avtobus sürücüsü buna görə 100 manat cərimə oluna bilər. Sən 30 qəpik gediş haqqı ödəyirsən, amma kimdənsə tələb edirsən ki,100 manatlıq qayda poz.

Biz danışırıq ki, ictimai nəqliyyat düzəlsin. Bunlar da deyir yox düzəlməsin. Avtobus sürücüləri avtobusu kənarda saxlamağa borclu deyillər. Dayanacaqdan kənarda saxlamaq onlar üçün qayda pozuntusudur, qadağandır. Bəzi insanlar düşünür ki, yox harada gəldi saxlaya bilər. Təsəvvür edin ki, sərnişin avtobusa minmək üçün avtobusu harada gəldi saxlatdırmaq istəyir. Amma avtobusa minəndən sonra başqa bir sərnişin avtobusa əl edib saxlatdıranda onun acığına gəlir. Sürücüyə irad tutmağa başlayır ki, “nədir dəqiqə başı saxlayırsan?”, “niyə dayanırsan?” “dayanacaqda dayan”. Hansı ki, özü dayanacaqdan kənarda minir.

İnsanlar bunu başa düşməli, dərk etməlidirlər ki, əgər ictimai nəqliyyatı qaydaya salmaq istəyiriksə dəyişməliyik. Dəyişmək üçün də başqalarını gözləmək lazım deyil, birinci özümüz dəyişməliyik”.

Etika Akademiyasının rəhbəri Günel İbrahim: “Stress və daxili mədəniyyət əskikliyi aqressiv hərəkətlər sövq edir. Dəyərlərə hər an, hər sahədə, hər peşədə sadiq qalmaq önəmlidir. Birgə yaşamaq mədəniyyətimiz olmasa sağlıqlı və hüzurlu həyatı tamamilə unutmalı olacayıq. İctimai nəqliyyatda olan mənfi hadisələr kimi. Nəqliyyatdan dayanacaq olan yerlərdən minmək və enmək olar. Başqa tələblət təhlükəlisizlik amilini aşağı salır.

Sürücü siqaret, spirtli içki və digər energetiklərdən istifadəsi qəbul edilməzdir. İlk olaraq enən sərnişinə yol verilir, daha sonra nəqliyyata daxil olanların sırasıdır. Nəqliyyata daxil olan zaman irəliləmək gərəklidir ki, sonradan minən sərnişinə yer olsun. İri çanta daşıyıcısı nəqliyyatda başqalarına maneçilik törətməmək üçün çiynindən endirməlidir. Oturacaqlar ilk öncə pensionerler, uşaqlı qadınlar, fiziki məhdudiyyəti olanlar üçün nəzərdə tutulmuşdur. Başqasına diqqətlə baxmaq, bərkdən telefonla danışmaq, səsli oyunlara və videolara baxmaq olmaz. Xoş söz, xoş münasibət bütün səfəri təhlükəsiz edər”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Son vaxtlar cəmiyyətdə xüsusi aqressiya müşahidə olunur. Obrazlı desək, küçədə-bazarda qarşılaşdığımız adamların çoxu adamı görəndə üz-gözünü turşudur. Bəzən ehtiyat edirsən ki, bu dəqiqə səni vuracaq.

Hesab edirəm ki, mütəxəssislər bu barədə düşünməli, çıxış yollarını göstərməlidirlər. Çünki bu qəzəb, bu kin insanların şəxsi davranışına təsir göstərir, yersiz söz-söhbətin, dava-dalaşın meydana çıxmasına səbəb olur

Sumqayıtda avtobusda baş verən məlum insident də bu prizmadan qiymətləndirilməlidir. Bu hadisədə kimin günahkar oldğunu bəribaşdan söyləmək çətindir. Amma istənilən halda bu davranışı yaşlı-başlı adamlara yaraşdırmadım. Uşaqlarımız, gənclərimiz bu insanlardan nə öyrənə, necə nümunə götürə bilərlər? Anlaya bilmirəm ki, bu adamlar nəyi bölə bilmirlər? Biz niyə ictimai yerdə hökm etməyə, öz sözümüzü keçirməyə cəhd edirik? Biz niyə bu qədər hikkəliyik? Məncə, Azərbaycanda bir çox peşə sahiblərinin, o cümlədən, avtobus sürücülərinin psixoloji testən keçməsinə ehtiyac var.

Ancaq bu o demək deyil ki, məlum insidentin tək günahkarı həmin sürücüdür. Məncə, hər iki tərəfin məsuliyyəti bərabərdir. Biz nə qədər ki, problemlərimizi danışmaqla deyil, dalaşmaqla həll edirik, belə hadisələrin çox şahidi olacağıq”.

Psixoloq Zeynəb Eyyubova: “Ümumiyyətlə istənilən sahədə işə götürülərkən artıq müasir dövrün tələblərinə uyğun olaraq davranış etiket qaydaları, özünün insanlarla münasibəti araşdırılmalıdır və bu haqda hətta təlimlər keçirilməlidir.

Davranışında və nevroloji problemi olan, əsəbləri ilə bağlı gərginlik yaşayan insanlar bu tip sahələrdə işləməli deyillər. Çünki, bu sahə ağır sahədir və günün müəyyən hissəsi işdə olurlar və gərginlik olur. Ona görə də əsəblərində problemi olan insanları bu sahədən uzaqlaşdırmaq lazımdır və tənzimləmələr, işə götürən şirkətlər bunun üçün təlimlər qoymalı, psixoloqları dəvət etməli, onlarla mütəmadi söhbət aparıb hər hansı bir problemləri olanda həll etmək lazımdır. Eynən sərnişinlər də.

Bildiyiniz kimi insanların aqressiyasının səbəbi xoşbəxt olmamaları, daim sinirlərinin oyaq olmaqlarıdır. Siniri oyaq olan, problemli olan insanlar istər-istəməz qarşı tərəfə də aqressiya ilə davranacaqlar. Bu avtobusda da, marketdə də, məktəbdə də, hər hansı bir iş sahəsində də ola bilər. Konkret hansısa sahəyə xitab olunmur. İstənilən sahədə əsəbləri gərgin olan, özünü xoşbəxt hiss etməyən, özü ilə rahat münasibət qura bilməyən insan eyni zamanda başqaları ilə də bu problemi yaşayacaq. Qarşısını almağın ən mükəmməl yolu onları işə götürməzdən əvvəl müxtəlif testlərdən keçirməliyik”.

Ayşən Vəli