Qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var - Prezident İlham Əliyev

30 İyun 2022 16:46 (UTC+04:00)

Qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq".