AZƏRBAYCAN DAHA BİR MÖTƏBƏR BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR TƏHLİL

30 İyun 2022 16:09 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün Qoşulmama Hərəkatının tarixində çox vacib gündür, biz Bakıda Parlament Şəbəkəsinin əsasını qoyuruq"

Dünən Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi – üç gün davam edən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb. Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

"BU GÜN QOŞULMAMA HƏRƏKATININ TARİXİNDƏ ÇOX VACİB GÜNDÜR, BİZ BAKIDA PARLAMENT ŞƏBƏKƏSİNİN ƏSASINI QOYURUQ"

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib ki, bu gün Qoşulmama Hərəkatının tarixində çox vacib gündür, biz Bakıda Parlament Şəbəkəsinin əsasını qoyuruq. Dövlət başçısı Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın bu təşəbbüsünü dəstəklədikləri üçün təşəkkür edib. «Bu bizim həmrəyliyimizi və qarşılıqlı dəstəyimizi gücləndirmək üçün digər bir addımdır. Mən Azərbaycan parlamentinin keçmiş üzvü və sizin keçmiş həmkarınız olaraq parlament diplomatiyasının və parlamentlərarası əlaqələrin nə qədər vacib olduğunu bilirəm”, - dövlət başçısı qeyd edib. Prezident Parlament Şəbəkəsinin üzv ölkələr arasında həmrəyliyə töhfə verməklə bərabər, həm də dünyanın müxtəlif parlament təşkilatları ilə yaxın işgüzar münasibətlər yaradacağına əminliyini ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının institusional inkişafı üçün praktiki addımlar atılmasının vaxtı olduğunu deyib. Dövlət başçısı bildirib ki, bu, ölkələr arasında həmrəyliyi gücləndirəcək: «Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq institutdur və əlbəttə, biz hamımız istəyirik ki, səsimiz qlobal miqyasda eşidilsin. Parlament Şəbəkəsi bizim irəli sürdüyümüz və sizin dəstəyinizi qazanan yeganə təşəbbüsümüz deyil, digər vacib təşəbbüs də Gənclər Şəbəkəsidir. Gələn ay biz Bakıda digər vacib tədbiri – Qoşulmama Hərəkatının Gənclər Sammitini keçirəcəyik. Bunlar institusional inkişaf istiqamətində atılan addımlardır. Düşünürəm ki, bu istiqamətdə praktiki addımlar atılmasının vaxtıdır. Azərbaycanın irəli sürdüyü və üzv ölkələrin dəstəklədiyi digər təşəbbüs Qoşulmama Hərəkatının Nyu-Yorkda dəstək ofisinin açılmasıdır. Düşünürəm ki, indi institusional inkişaf üçün daha çox addımlar atılması üçün doğru vaxtdır, qarşılığında bu bizə beynəlxalq arenada öz maraqlarımızı qorumağa yardım edəcək və əlbəttə ki, bizim ölkələrimiz arasında həmrəyliyi gücləndirəcək».

"AZƏRBAYCAN “BANDUNQ PRİNSİPLƏRİ”Nİ BAZA PRİNSİPLƏRİ KİMİ GÖTÜRÜR"

«Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür»,- deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının bütün təşəbbüslərində aktiv iştirak etdiyini deyib: «Biz «Bandunq prinsipləri»ni tam bölüşürük və bu prinsipləri əməkdaşlıq, ölkələr arasında qarşılıqlı fəaliyyət üçün yeganə baza kimi nəzərdən keçiririk. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, qarşılıqlı olaraq bir-birinin daxili işlərinə müdaxilə etməmək - əgər bu prinsiplər bütün ölkələr tərəfindən qorunsa, müharibələr, münaqişələr və ədalətsizlik olmazdı. Biz fəaliyyətimizin ilk günlərindən Qoşulmama Hərəkatının bütün təşəbbüslərində aktiv iştirak etmişik. Düşünürəm ki, bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik üçün namizədliyinə yekdil dəstəyin əsas səbəbi idi". "Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq". Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: «Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm”.

"ATƏT-İN MİNSK QRUPU SADƏCƏ BİR ALƏTƏ ÇEVRİLMİŞDİ"

«Biz işğala son qoyduq, ədaləti bərpa etdik. Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik". Bu sözləri iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söyləyib. «Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi.

"MİNSK QRUPU İLƏ BAĞLI SPEKULYASİYALAR SÜLH ÜÇÜN DAĞIDICI TƏSİRƏ MALİKDİR"

Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan işğala son qoyub: «Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq". Bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. «Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

"PANDEMİYA DÖVRÜNDƏ 80-DƏN ÇOX ÖLKƏYƏ MADDİ YARDIM VƏ HUMANİTAR DƏSTƏK GÖSTƏRDİK"

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib: «Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı, beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik»,-deyən dövlətimizin başçısı ölkəmizin Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayıb: “Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması da üzv dövlətlərin Azərbaycana dəstəyinin göstəricisidir". Azərbaycan Prezidenti bildirib ki, erməni işğalçıları 30 il ərzində işğal edilmiş ərazilərdə azərbaycanlıların mədəni və dini irsinin silinməsinə çalışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoyaraq beynəlxalq ədaləti bərpa edib və indi azad edilmiş ərazilərə səfər edən hər kəs azərbaycanlıların dini-mədəni irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görə bilir: «Ermənistanın bizim ərazilərimizin təxminən 20 faizini işğal etməsi etnik təmizləmə ilə nəticələndi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən silindi. İndi azad edilmiş ərazilərə səyahət edənlər bunu - bu barbarizmi, vandalizmi, bizim məscidlərimizin murdarlanması, mədəni və dini abidələrimiz dağıdılmasını öz gözləri ilə görə bilərlər. Bütün bunlar faktlardır, necə erməniyönlü qüvvə olmasından asılı olmayaraq, heç kim buna göz yuma bilməz. Onların dəstəkçiləri buna məhəl qoymamağa çalışırlar, amma onlar bu faktlara məhəl qoymaya bilmirlər. Çünki artıq on minlərlə insan azad edilmiş ərazilərə səfər edib, bura xarici ziyarətçilər - siyasətçilər, parlament üzvləri, parlament sədrləri, jurnalistlər, ekspertlər və sıravi insanlar daxildir. Biz buna son qoyduq. Biz ədaləti, beynəlxalq hüququ bərpa etdik».

"AZƏRBAYCANIN İGİD HƏRBÇİLƏRİ OLMASA İDİ, BMT QƏTNAMƏLƏRİ DAHA 28 İL KAĞIZ ÜZƏRİNDƏ QALACAQDI"

«Mən sizə deyə bilərəm ki, Azərbaycan və Ermənistan arasında olan münaqişə ilə bağlı vəziyyət yalnız regional məsələ deyildi, bu qlobal məsələ idi. Çünki bu, təkcə beynəlxalq prinsiplərin deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və icra olunmaması idi". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında deyib. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Və sual odur ki, niyə bu qətnamələr icra olunmadı? Heç kim cavab verə bilmir. Bəlkə də cavab vermək istəmirlər. Digər bir sual odur ki, niyə bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə günlər içərisində həyata keçirilir, lakin bizimlə bağlı 28 il idi ki, onlar yalnız kağız üzərində idi”, - dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, əgər Azərbaycanın igid hərbi qulluqçuları olmasa idi, BMT qətnamələri daha 28 il kağız üzərində qalacaqdı.

Rəfiqə HÜSEYNOVA