Nə qədər ki, sülh razılaşması mövcud deyilsə... SİYASİ RAKURS+AKTUAL

30 İyun 2022 14:15 (UTC+04:00)

Azərbaycanın Ermənistanın ərazi iddialarına qarşı hərəkətə keçməsi üçün bütün legitim hüquqları var!

Fakt budur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın kommunikasiyaların blokadadan çıxarılması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı son bəyanatları, eləcə də sülh razılaşmasını “status” mövzusu ilə ortaya atması artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan rəhbərliyi günü bu gün də Azərbaycana qarşı ərazi iddialarını nümayiş etdirir, eyni zamanda da üçtərəfli bəyanatlarda qəbul olunmuş şərt və tələb prinsiplərini dalana sıxışdırır.

Ermənistanın bu addımları regionda yaranmış həfif və ya zərif sülh şəraitini yenidən təhlükə altına atır

Mövcud problem isə sözügedən məsələlərlə bağlı, yəni 44 günlük müharibədən sonra imzalanmış sənədləri sülh razılaşması gündəmindən çıxarır. Söz yox ki, Ermənistanın bu addımları regionda yaranmış həfif və ya zərif sülh şəraitini yenidən təhlükə altına atır.

Beləliklə, əsas təməli 2020-ci ilin 10 noyabr bəyanatına, yəni Ermənistanın kapitulyasiyasına söykənən bəndlər icra olunmur. Bu isə açıq-aşkar onu göstərir ki, artıq ölkələr arasında sülh gündəmi istiqamətində aparılan işlər də səngiyir. Hətta belə də deyə bilərik ki, bu gün Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin hansı mövqelərdə nəzarət mexanizmlərini həyata keçirmələrinə baxmayaraq, bu ərazilərdə, yəni silahlı separatçıların, habelə qanunsuz erməni silahlı birləşmələrinin hələ də çıxmadıqları yerlərdə antiterror əməliyyatı keçirmək tələbi günü-gündən artmaqdadır.

Nikol Paşinyanın Azərbaycanın Ermənistanla yeni müharibəyə başlaması üçün legitim yollar axtarması yönündəki fikirləri də, əslində, həqiqəti əks etdirməkdədir

Bu arada Ermənistan ordusunun rəsmilərindən birinin jurnalistlərə müsahibəsi zamanı hələ də və həyasızcasına (!) Qarabağa həqiqi hərbi xidmət çağırışçılarını deyil, müqaviləli hərbi xidmətçiləri göndərəcəkləri ilə bağlı səsləndirdiyi fikirləri də İrəvanın ağlını başına toplamadığının bariz sübutudur. Üstəlik, Nikol Paşinyanın Azərbaycanın Ermənistanla yeni müharibəyə başlaması üçün legitim yollar axtarması yönündəki fikirləri də, əslində, həqiqəti əks etdirməkdədir. Bəli, o heç də yanılmayıb və artıq bu legitimliklər kifayət qədərdir!

Əslində, biz bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə etdiyi son səfəri zamanı səsləndirdiyi mühüm bəyanatını, eləcə də xəbərdarlığını da xatırlaya və nəticə hasil edə bilərik. “Azərbaycan çox gözləməyəcək və Bakının təklifləri masa üzərində əbədi qalmayacaq”, deyə dövlət başçısı vurğulayıb.

Qərbi Zəngəzur - sərhəddə elə yerlər var ki, Azərbaycan Silahlı Qüvvələri öz sərhəd zolaqlarını dəqiqləşdirəcək

Beləliklə, İlham Əliyev açıq şəkildə bəyan edib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, bu zaman Azərbaycan da bunu etməyəcək və sərhəddə elə yerlər var ki, Azərbaycan Silahlı Qüvvələri öz sərhəd zolaqlarını dəqiqləşdirəcək.

Ali Baş Komandan paralel olaraq Ermənistan rəhbərliyinə mesaj olaraq yollayıb ki, qarşı tərəf ağlını başına yığmaqla acı aqibətini indidən gözünə alsın. Belə ki, növbəti silahlı münaqişə yalnız Qarabağla bağlı olmayacaq, həm də Zəngəzur münaqişəsi olacaq. Məntiqi düşünsək belə də ola bilər. Yəni fəaliyyətin əsas tərkib hissəsinin məhz Qərbi Zəngəzur bölgəsində reallaşdırılması ehtimalları kifayət qədər çoxdur.

Əbəs deyil ki, Prezidentimiz daha əvvəlki çıxışlarında da bu haqda danışarkən həmin bölgələrin tarixi Azərbaycan torpaqları olduğunu xüsusilə vurğulayıb və bu gün də vurğulamaqdadır. Belə olan halda isə Bakının hər an istənilən hadisəyə, yaxud hadisələrə hazır mövqedə dayanması gerçəkliyi də daha çox qabarıq fonda görünməyə başlayıb.

Qalır erməni tərəfinin ağılla, dərrakə ilə nəticə çıxarmasına. Əks halda regionda vəziyyətin yenidən gərginləşməsində də bütün məsuliyyət Nikol Paşinyanın və rəhbərlik etdiyi hökumətinin üzərində olacaq.

Rövşən RƏSULOV