Özünə hörmət edən heç bir azərbaycanlı eksperti nəinki onunla, ümumiyyətlə, Azərbaycan xalqına və dövlətinə, ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət bəsləməyən heç bir NADÜRÜSTLƏ əsla kontakta getməz!
Söz yox ki, rusiyalı şovinist və təbliğatçı, xüsusilə 44 günlük müharibədən istər əvvəl, istərsə də sonrakı müddətdə ermənipərəstlik mövqeyini, yaxud anti-Azərbaycan xislətini daim üzdə tutan Vladimir Solovyovun Qarabağ separatçılarının “xarici işlər naziri” adlandırdıqları David Babayan adlı cinayətkar-terrorçu ünsürü efirinə çıxartması və həmin efirdə nağıllar danışdırması Azərbaycanın ictimai rəyi tərəfindən sərt şəkildə, hiddətlə qarşılandı və Solovyov haqq elədiyi bütün ağır həqarətləri növbəti dəfə öz boynunda ayrıca olaraq ayırdığı bişərəflik anbarına topladı.

Ümumiyyətlə, bu sərsəm və təlxək tipaja qarşı yalnız Azərbaycanda deyil, bütövlükdə dünyanın bir çox nöqtələrində ayrıca antipatiya hisslər mövcuddur və bu da, əslində, onun dar düşüncəli, yaxud qəsd xarakterli tipik xüsusiyyətinin bəhrəsidir. Lakin Solovyovun tipajı barədə uzun-uzadı danışmağa da ehtiyac yoxdur, ona görə də keçək məsələnin məğzinə.
Beləliklə, Solovyovun Babayanı efirinə çıxıarmasının ardınca ona qarşı yönələn çoxsaylı təpkilər birincinin guya (!) üzr istəməsi ilə nəticələndi. Həqiqətə qalanda isə bu üzr deyildi, daha betər həyasızlıq nümayişi idi. Məsələ ondadır ki, sanki azərbaycanlıların qarşısında “üzrxahlıq” etdiyini yüksək artistizm vasitəsi ilə sərgiləyən şovinist müəllifin sözlərinə diqqət edək – o bildirdi ki, əgər efirinə “Qarabağ nümayəndəsini” çıxarıbsa gərək Azərbaycanın da nümayəndəsini çıxaraydı və s (?!) Yəni bu ünsür həqiqətən də belə görüntü yaratmağa çalışıb ki, guya Babayanı öz efirinə çıxarmasından hiddətlənən azərbaycanlılara müraciət edib və azərbaycanlılar da onun efirinə çıxmaqdan imtina ediblər və kontakta getməyiblər.
Bu arada, şovinist Solovyov bilməli və qanmalıdır ki, özünə hörmət edən heç bir azərbaycanlı eksperti nəinki onunla, ümumiyyətlə, Azərbaycan xalqına və dövlətinə, ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət bəsləməyən heç bir NADÜRÜSTLƏ əsla kontakta getməz!
Həmçinin, heç bir “Qarabağ tərəfi” yoxdur. Bəli, Solovyov öz klounada xarakterli efirinə özü kimi onlarla digər klounları dəvət edə, onlarla birgə təlxəklik, polyaçilik göstərə bilər, amma onun bu davranışları təzim etdiyi bəlli dairələrə göstərilən AYI XİDMƏTİNDƏN o tərəfə keçmir.
Yeri gəlmişkən, sabah-birigün Azərbaycanın internet kanallarında Rusiyadan müstəqillik tələb edən tatarlardan, başqırdlardan, altaylardan, çeçenlərdən, inquşlardan, kabardin-balkarlardan, qaraçay-çərkəzlərdən, kumıklardan, dağıstanlılardan, hətta neneslərdən, nanaylardan və noqaylardan müsahibə götürülərsə, yaxud onlar “tərəf” kimi göstərilərsə Solovyov bundan qətiyyən təəccüblənməməlidir!
Bu ünsür anlamalıdır ki, əgər Bakı RİA Novosti, “Sputnik” kimi agentliklərə qarşı sərt qərar tətbiq edibsə və onların yayımlanmasına qadağa qoyubsa, “Solovyov live” adlı təxribatçı efir daxil olmaqla onun barmağı olduğu digər kanallara da həmin qadağa tətbiq ediləcək. Nəticədə isə Bakı ilə Moskva arasındakı münasibətlərin korlanmasında əsas, birinci və tək günahkar bilavasitə Solovyovun özü olacaq!
Əslində, bu gün KİV-lərin ölkələr arasındakı münasibətlərə cüzi təsir göstərdiyini iddia edənlər kökündən yanılırlar. Belə ki, bu gün Rusiyanın beynəlxalq siyasi vəziyyətinin heç də qənaətbəxş olduğunu demək olmaz. Belə olan vəziyyətdə Rusiyanın müəyyən dairələri xüsusilə müttəfiqləri olan iki münaqişə vəziyyətində olan ölkələrlə - həm Ermənistanla, həm də Azərbaycanla neytrallığını maksimal qaydada qorumalıdır. Anlanmalıdır ki, çətin dövründə daha iki müttəfiqini də itirməsi onun üçün nə qədər pis nəticələrə gətirib çıxara bilər. Bu gün Solovyov və onu idarə edən rusiyalı qaragüruhçu şovinist dairələr həmin reallığı anlamalıdırlar, özü də nə qədər gec deyilsə, bir o qədər də yaxşı olardı...

Rövşən RƏSULOV