Türkiyə FHN əməkdaşlarına təşəkkür edib - FOTO

29 İyun 2022 16:30 (UTC+04:00)

İyunun 28-də Türkiyənin Muğla bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmiş xarici yanğınsöndürmə qüvvələrinin mükafatlandırılması mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin (MMN) Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında isə qeyd edilib ki, Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı meşə yanğınlarının söndürülməsində iştirak edən azərbaycanlı yanğınsöndürənlər Türkiyədən Azərbaycana yola salınıb.