Dərin köklərə bağlı Azərbaycan-Özbəkistan əlaqələri ŞƏRH

29 İyun 2022 15:29 (UTC+04:00)

21-22 iyun 2022-ci il tarixlərində Özbəkistana səfər edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevlə görüşüb. Paytaxt Daşkəndin Mirabad rayonunda azərbaycanlıların sıx yaşadıqları ərazidə Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə HEYDƏR ƏLİYEV MEYDANI-nın açılışı olmuş, meydanın mərkəzində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan onun adını daşıyan küçə, meydan, barelyef, park bütün bunların hamısı Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Ömrünü Azərbaycana həsr edən Dahi lider Heydər Əliyevin adına Özbəkistanda küçənin və burada qoyulmuş barelyef rəmzi məna daşıyır. O, ölkəmizin ağır günlərində müasir dövlətçiliyin əsaslarını yaradaraq bütün sahələrdə genişmiqyaslı dəyişikliklər həyata keçirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu öndər haqqında çıxışında bildirmişdir: “Ölkə həyatının ən dramatik dövründə Prezident seçilmiş Heydər Əliyev sülhə və sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu, bir çox onillik irəlicədən müasir Azərbaycanın inkişaf vektorunun əsasını qoydu, iqtisadiyyatı, elmi, təhsili əsaslı şəkildə irəlilədə bildi, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Nisbətən qısa müddətdə ölkədə yeni sahələr yaradıldı, onlarca iri zavod və fabrik tikildi, yüzlərlə məktəb, kitabxana, mədəniyyət sarayı və muzeylər açıldı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq arenada layiqli yer tutdu, yüksək nüfuz və hörmət qazandı”.İki ölkə arasında dostluq münasibətlərinin, o cümlədən tarixi əlaqələrin inkişafında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu vardır. Özbək xalqına həmişə böyük hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Daşkəndə səfəri zamanı Teymurilər Tarixi Muzeyini ziyarət edəndə vurğulamışdır: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür.Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra digər ölkələrlə yanaşı Özbəkistanla da əlaqələrdə, qarşılıqlı münasibətlərdə müşahidələr edilməyə başlandı. Ulu öndər Heydər Əliyevlə İslam Kərimovun qardaşlıq, dostluq münasibətləri ölkələr arasında müstəqillik illərində yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə paytaxt şəhərlər – Bakı ilə Daşkənd arasında diplomatik əlaqələr quruldu. 1996-cı ildə Özbəkistanda, 1998-ci ildə Azərbaycanda səfirliklər fəaliyyətə başladı. 26-27 may 1996-cı il tarixində Azərbaycana səfərə gələn Özbəkistanın mərhum Prezidenti İslam Kərimovla Ulu öndər Heydər Əliyevin görüşü olub. Səfər çərçivəsində iki ölkə arasında 19 sazişdən ibarət sənəd imzalanmışdır. 18-19 iyun 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərində Bakıdakı kimi Daşkənddə də həmin sənədlər imzalanmışdır. İmzalanmış sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət daşıyır. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaratdı.NATO, MDB, GUAM sammitlərində, o cümlədən Türkdilli Dövlətlər Başçılarının IV Forumunda da 2 lider şəxsiyyət arasındakı görüşlər Özbəkistanla Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsinə səbəb olub.Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədə davam edir. Bu gün həm siyasi, həm iqtisadi, həm də mədəni və humanitar sahələrdə Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, hər iki xalqın ümumi maraqlarına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında iki ölkə arasında münasibətlər uğurla inkişaf etdirilir. İki ölkəni bir-birinə daha da yaxınlaşdırır və yeni-yeni əməkdaşlıq imkanları açılır. Hər bir sahədə olduğu kimi mədəni sahədə də əlaqələr yüksək səviyyədə inkişaf etdirilir. Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində hər iki ölkənin yazıçılarının əsərlərinin qarşılıqlı şəkildə çap etdirilərək ictimaiyyətə təqdim olunması təqdirəlayiq addımdır. Bakıda Əlişir Nəvainin, Daşkənddə Nizami Gəncəvinin abidələrinin ucaldılmasının iki ölkə arasında münasibətlərin bariz nümunəsidir.

Nigar İmaməliyeva

YAP Yasamal AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini