Müəllim kimə deyirik? TƏHLİL

29 İyun 2022 15:27 (UTC+04:00)

Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.


Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir. Bu cür məfhumları özündə cəmləşdirən müəllim peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir. Dünyanın ən müdrik simaları, liderləri, böyük şəxsiyyətləri, beynəlxalq aləmin hegemon qüvvələri bu ad qarşısında adiləşir, öyrənməyə və nəyisə əxz etməyə çalışırlar. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram", - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Azərbaycanda müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Dünyanın dərk edilməsi elmdə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğuğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər, deyirlər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətənpərvər vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.
Əminliklə vurğulaya bilərik ki, cəmiyyətdə müəllimin əməyi böyükdür və gələcəyin inkişaf etməsində və tərəqqisində bugünkü şagirdlərin böyük rolu olacaq. Təməli məktəb partaları arxasında qoyulan şagirdlər, məhz bu gün müəllimin böyük zəhməti sayəsində inkişaf edir. Odur ki, xalqımızın milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir.

GƏL, EY HEYKƏLTƏRAŞ! BU MƏRMƏR, BU GİL.
DÜŞÜN MÜƏLLİMİ, SONRA ALIŞ, YAN…

Körpə könüllərdə məşəl yandıran müəllim ağ vərəq kimi təmiz düşüncələrə izlər salır. İnsanların sabahını yandıran müəllimin səpdiyi toxum əqlə işıq, cahana nur verir. Bəxtiyar Vahabzadənin yaradıcılıq mücrüsündən gələn misralarda müəllimin böyüklüyü daha qabarıq şəkildə özünün göstərir:
Şagirdin sayıdır dövlətin, varın,
Bilməz bu qazancı, bilməz hər naşı.
Sinifdən sinifə adlayanların,
Yaşında yaşayır müəllim yaşı.

Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan.


Vətənə layiqli vətəndaş yetişdirən müəllimin əməyi çox böyük olduğundan, onun bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var. Amma bu gün belə əməyi və zəhməti, peşəkarlığı ilə ən yüksək ehtirama layiq olan müəllim məfhumu insanların bir-birinə müraciət formasına çevrilib. Müdriklərimizin ifadə etdikləri kəlamlar bu müqəddəs məfhumu xarakterizəsində önəmlidir. "Mənə bir hərf öyrədənin köləsi olaram". Bundan hikmətli nə ola bilər?! "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib". "Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir". Bu və ya digər hikmətli ifadələr müəllim obrazı haqqında düşüncələrimizi daha da dərinləşdirir.
Tarixin dönəmlərində nəsil-nəsil vətəndaşlar yetişdirən müəllim obrazı göz önündə canlanqdıqca sanki insan bir filosofun tövsiyyələrin verən bir obrazı görür. Bir günəş kimi ziyası ətrafa yayılan müəllimin şəfəqləri paylandıqca, aləmin nuru artır.

HEYF... KORŞALIRIQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ

Bəs, görəsən, nəyə görə biz bu ada layiq olmayanlara müəllim, deyə müraciət edirlər. Müasir dünyamızda bu müraciətə çox rast gəlirik. İctimai yerlərdə, yolda, idarələrdə insanların bir-birinə müəllim deyə müraciət etmələri məndə ikrah və təəccüb hissi oyadır. Etik normadan kənar davranış və danışığa sahib olan insana müəllim deyə mürəaciət etmək olarmı? Bu yerdə yadıma ötən əsrin 60-cı illərinin böyük şairi Qabilin nəzmə çəkdiyi və qısa bir zamanda hər kəsin sevdiyi əsərə çevrilən "Səhv düşəndə yerimiz" şeiri düşdü. Qısa bir zaman kəsiyində sanki bir zərb-məsələ, aforizmə çevrildi bu bu şeirin misraları. Səhv düşəndə yerimiz... Şair demişkən Heyf ... korşalırıq biz, səhv düşəndə yerimiz:
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

HƏR KƏSİN VÜCUDUNA DON BİÇƏN ƏMƏKDİR

Çalışaq yerimiz səhv düşməsin hər kəsi öz adı və peşəsinə uyğun bir adla çağıraq. Hər bir sənət və peşə sahibinə böyük hörmətimiz var və kimsə başqa bir insanın əməyinə xor baxır və onun peşəsini qiymətləndirmirsə, bizim o "insanlar"a sözüm yoxdur. Heç işimiz də o "insanlar"la yoxdur. Niyə? Çünki onun özünəməxsus libası yoxdur. İnsan əməyi onun vücuduna don biçir. Əlbəttə ki, xor yanaşma ən ali varlıq olan insana xas olan xüsusiyyət deyil. Marketlərin birində bir məsələ ilə bağlı bir işçinin mənə, xanım, bir dəqiqə gözləyin, aydınlaşdırım, - deyib 20-23 yaş arasında olan şəxsə "müəllim, bir dəqiqə bura baxın" deməsi təəccüb yaratdı. Axı, səlahiyyətləri bu adı daşımağa imkan vermədiyi halda, biz hər bir insana niyə müəllim deyə müraciət etməliyik. Yol süpürən, bənna, auditoriya görməyən, təhsili olmayan, insan ilə ziyalı kimi rəftar etməyi bacarmayana dilimiz necə dönüb müəllim deyə bilər axı? Təhsil alanlara təhsil verən, onları cəmiyyətə təhsilli vətənpərvər övlad kimi yetişdirən və illərini müəllim adını qazmaq üçün xərcləyən insanların peşəsinə hörmətlə yanaşmalıyıq. Bütün ictimai formasiyalarda insanların bir-birinə müraciət forması olub. Xatirimdədir, sovet məkanında yaşadığımız illərdə insanlar "yoldaş"- deyə bir-birinə müraciət edirdilər. Bəs, niyə bu gün bütün insanlara eyni adla – müəllim, deyə müraciət olunur. Gəlin, bu adın müqəddəsliyini qoruyaq və bizə həyata vəsiqə verən, ən çətin anlarımızda belə tövsiyyələrinə ehtiyac duyduğumuz insanların – müəllimlərin adına hörmətlə yanaşaq.

Nəzakət ƏLƏDDİNQIZI