Prezident azad edilmiş ərazilərin bərpasına sadiqlik nümayiş etdirir

29 İyun 2022 14:57 (UTC+04:00)

Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun XI sessiyası işə başlayıb. Birləşmiş Millətlər Təşkilatının Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti də iştirak etməkdədir. Forum şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub və "Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək” şüarı ilə start götürüb. Məlumat üçün qeyd edək ki, Ümumdünya Şəhər Forumunda 6 əsas mövzu müzakirə ediləcəkdir ki, bunlar, “ədalətli şəhərlər”, ​“şəhərlərin yaşıl gələcəyi”, ​“innovasiya və texnologiya”, ​“şəhərlərin dayanıqlılığının yüksəldilməsi”, “şəhərlərin planlaşdırılması və idarə edilməsi”, ​“iqtisadiyyatın gələcəyi və bələdiyyələrin maliyyə məsələsi” başlıqlarından ibarətdir. Bundan başqa, Ukraynadakı müharibə ilə əlaqədar Polşanın xahişi ilə proqramda “müharibədən sonra şəhərlərin bərpası” mövzusu da yer almışdır. Azərbaycan üçün sonuncu mövzunun xüsusi maraq kəsb etdiyini desək yəqin ki, yanılmarıq. Ərazisinin 20 faizi 30 ilə yaxın bir dövrdə işğal altında qalan, işğal dövründə bəzi şəhərləri sözün əsl mənasında yer üzündən silinən, bəlkə də dünyada ərazisi ən çox minalarla çirkləndirilən ölkə üçün təbiidir ki, bu konfrans maraqlıdır. Bu gün Azərbaycan hökümətinin qarşısında dörd Lüksemburq böyüklüyündə ərazinin yenidən qurulması tapşırığı dayanmaqdadır. Üstəlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu torpaqlarla bağlı “Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq” fikri ilə çıxış edərək, Qarabağın və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasına xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan Prezidenti azad edilmiş ərazilərin qlobal standartlara və qabaqcıl təcrübələrə əsaslanaraq bərpasına sadiqlik nümayiş etdirir. Bu torpaqlara həm onların sakinlərinin uzun illik həsrətinə son qoyaraq ən yaxşı şəraitlə təmin olunması, həm də ən müasir və sərfəli istifadəsi kontekstindən yanaşır. Onu da vurğulamaq istərdim ki, azad olunmuş torpaqlarda bir ildən artıqdır ki, bu proses start götürmüşdür və proses tamamilə Azərbaycan dövlətinin büdcəsi hesabına həyata keçirilməkdədir. Bu günə qədər heç bir dövlət ya da beynəlxalq qeyri-hökümət təşkilatı bu məsələdə ölkəmizə köməklik üçün addım atmamışdır. Beləliklə, bu gün Azərbaycan rəsmilərini Ümumdünya Şəhər Forumunun XI sessiyası əhəmiyyətli dərəcədə maraqlandırmaqdadır.

27 iyun tarixində Prezident İlham Əliyev sessiyada videoformatda çıxış etmişdir. Dövlət başçımızın çıxışının önə çıxan başlıqları ilə yaxından tanış olsaq, ilk növbədə bu il ölkəmizin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümünün xatırladılması və bu münasibətlə mədəniyyət paytaxtımız olan Şuşada keçirilən mühüm tədbirdən bəhs olunması ilə qarşılaşırıq. Daha sonra Azərbaycanın 2020-ci ildə əldə etdiyi böyük Zəfərdən sonra dayanıqlı şəhər inkişafının ölkəmiz üçün daha böyük əhəmiyyət kəsb etdiyi qeyd olundu. Bunun da səbəbi aydındır. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməmişdir. Azərbaycanın 9 şəhəri xüsusi amansızlıqla məhv edilmiş, urbusidə məruz qalmışdır. Ağdamda və Füzulidə salamat bir bina belə tapmaq demək olar ki, qeyri-mümkündür. Bu səbəbdəndir ki, Füzuli şəhərinin işğaldan azad olunması və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra Azərbaycan əsgəri bayraq sancmaq üçün bir tikili tapmamışdır. Eyni şəkildə, Ağdam da tamamilə yer üzərindən silinmişdir. Bu gün beynəlxalq media və mütəxəssislər tərəfindən Azərbaycanın qədim və əzəmətli şəhəri olan Ağdam “Qafqazın Hiroşiması” adlandırılır. Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər də düşmənin barbarlığından öz nəsibini alan şəhərlərimizdir. Qısaca, rəsmi Bakı üçün şəhərsalma xüsusi əhəmiyyət daşıyan mövzudur. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan yenidənqurma prosesində “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını həyata keçirməkdədir. İşğaldan azad olunmuş torpaqlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilmişdir.

Ölkə başçımız çıxışının sonunda BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) ilə azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində daha sıx əməkdaşlıq etmək arzusunda olduğunu və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözlədiyini bildirdi. O da qeyd edildi ki, Azərbaycan ilə UN-HABITAT arasında bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi müzakirə edilir. Qeyd etmək istərdim ki, UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərmişdir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib. Ümid edirik ki, bu nüfuzlu təşkilat ən qısa zamanda bənzər fəaliyyəti Azərbaycan üçün də gösətərək, işğaldan azad edilmiş ərazilərdə ekspertlərinin cəlb olunması ilə bağlı addım atacaqdır.

Fazil Məhəmmədov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü