Avtobus marşrutları dövlət və ya bələdiyyə balansına keçirilsin - TƏKLİF

29 İyun 2022 14:30 (UTC+04:00)

Elçin Bayramlı

Bakının sərnişin-nəqliyyat sistemində çox ciddi problemlər var. Uzun illərdir bu problemlər həllini tapmır. Son illərdə yüzlərlə yeni avtobus alınsa da, problem gündən- günə kəskinləşir. Çünki avtobusların hərəkətinin idarə olunması normal vəziyyətdə deyil. Bir neçə il əvvəl "Nəqliyyatın intellektual idarəetmə sistemi" yaradılsa da, faydalı olmadı. Yüz milyondan artıq vəsait xərclənmiş bu sistem işləmədi.

Son illərdə Bakıda marşrut xətlərinin sayı kəskin şəkildə azaldılıb. Bir çox marşrut xəttləri ləğv edilib. Bəzilərinin gediş məsafəsi qısaldılıb. İndi sərnişinlər şəhərin bir yerindən başqa bir yerinə getmək üçün 2-3 müxtəlif marşrutdan istifadə etmək məcburiyyətində qalırlar.

Məsələn, Sahil metrosundan Amay ticarət mərkəzinə getmək üçün 2 marşrut dəyişmək lazım gəlir. Halbuki, cəmi 2 kilometr uzaqlıqda yerləşir.

Bakının əsas girişi olan Yeni Salyan şossesində xeyli yeni binalar tikilməsinə baxmayaraq oradan cəmi 1 avtobus marşrutu (125) işləyir, o da Lökbatan avtobusudur daim dolu gəlir, minmək olmur. Halbuki, bütün marşrutlar yaxınlıqdakı 20-ci sahə dairəsinə gedir. Normal idarəetmə olsa onlardan biri əsas prospektə ayrılardı.

Bəzi istiqamətlərdə avtobusların intervalı çoxdur. Xəttə buraxılan avtobuslar da azdır. Ona görə, sərnişinlər sıx dolu avtobuslarda gedirlər. Hətta virusun tüğyan etdiyi dövrdə də avtobuslarda belə bir vəziyyət müşahidə edilirdi.

Belə çıxır ki, bu vəziyyət sərnişindaşıma şirkətlərinin mümkün qədər çox gəlir əldə etməsi üçün yaradılıb. Məsələn, 100 şərti sərnişini 2 avtobusla daşımaq yerinə, 1 avtobusla daşımaq, yanacağa qənaət etmək, xəttə daha az avtobus çıxarmaq daha çox gəlir deməkdir.

İnsanlar bir neçə marşrut dəyişərək saatlarla şəhərdə hərəkət etməkdən bezir. Ona görə də, çoxları taksiyə üz tutmağa məcbur olurlar. Yolüstü taksilər, özəl şirkət taksiləri həm vətəndaşların xərclərini artırır, həm də şəhərdə avtomobil sayını artırır. Nəticədə tıxac yaranır. Yəni, tıxacların yaranmasında əsas səbəb 1 avtobusla gedə biləcək 50-60 nəfərin azı 20-30 avtomobildən istifadə etməsidir.

Dünyanın bütün şəhərlərində yerüstü nəqliyyatın müxtəlif formaları var- tramvay, trolleybus, metrobus, şəhərətrafı elektirik qatarları və s. Bizdə isə avtobuslardan başqa, heç bir yerustü ictimai nəqliyyat növü yoxdur.Yaxşı ki, metro var- gün ərzində 1 milyona yaxın sərnişin daşıyır, yoxsa şəhər sərnişindaşınma sistemindəki vəziyyəti təsəvvür belə etmək olmazdı.

Şəhər həyatının, iqtisasiyyatının canı, arteriyası şəhərin sərnişin nəqliyyatıdır. Marşrut avtobusları sosial sistemdir. Biznes layihəsi deyil. Burada əsas məqsəd gəlir əldə etmək olmamalıdır. Marşrut xəttlərinin sayı artırılmalıdır. Hazırda insanlar şəhər daxilində belə bir yerdən digərinə azı 2 avtobus dəyişməyə məcbur olurlar.

Bakı Nəqliyyat Agentliyinə böyük vəsaitlər ayrılır, şərait yaradılır. Lakin BNA illərdir şəhərin nəqliyyat sistemini tənzimləyə bilmir. Bütün bu problemlər "bazar" yanaşmasından və BNA-nın qeyri-peşəkarlığı səbəbindən əmələ gəlir. Prinsiplər aydınlaşdırılmalıdır ki, məqsəd pul qazanmaqdır, yoxsa normal sərnişin nəqliyyatı sistemini təşkil etməkdir.

Mərkəzdə əsasən yeni gətirilən müasir avtobuslar işləsə da, şəhərdənkənar ərazilərin böyük əksəriyyətində yeni avtobuslar yoxdur. Köhnə, kondisionersiz, narahat avtobuslarla sərnişin daşınır. Bu da isti keçən havalarda sağlamlığı yerində olmayan insanlar üçün narahatlıq yaradır. İndiki zamanda, belə bir sıxlıqda kondisionersiz avtobusların olması yolverilməzdir. Bu məsələlər həllini tapmalıdır.

Mən təklif edirəm ki, sərnişindaşıma tamamilə dövləti balansına keçsin. Ən pis halda bələdiyyəyə verilsin. Yeganə məqsədi daha çox pul qazanmaq olan özəl şirkətlər bu sistemdən uzaqlaşdırılmalıdır. Sərnişindaşıma sistemi strateji sahə olduğundan əksər ölkələrdə bu sistem dövlətin və ya bələdiyyənin balansında olur. Bizdə də belə olması daha yaxşı olar.