"Rusiya üçün prioritet məsələ Cənubi Qafqazda varlığını qorumaqdır" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

29 İyun 2022 13:35 (UTC+04:00)

"Hər kəsə məlumdur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana boş yerə gəlməmişdi. Sergey Lavrovun səfərinin daha öncə İrəvana, Ankaraya, Tehrana olması onu göstərir ki, Azərbaycana səfərinin arxasında bəzi məqamlar var". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, aydın məsələdir ki, Rusiya üçün prioritet məsələ Cənubi Qafqazda varlığını qorumaqdır: "Bunun üçün həm Azərbaycan tərəfinə, həm Ermənistan tərəfinə fərqli baxışlar təqdim edərək öz maraqlarından çıxış edən mövqelər üzərində durur. Əlbəttə ki, bir neçə gün bundan öncə Paşinyanın da verdiyi açıqlamadan məlum oldu ki, Sergey Lavrovun həm Azərbaycana, həm də Ermənistana fərqli təklifləri olub.

Digər bir tərəfdən Sergey Lavrovun İran səfəri zamanı Xəzər dənizi ilə bağlı müzakirələr aparması onu göstərir ki, Sergey Lavrovun Azərbaycan səfərində Xəzər dənizi ilə bağlı məsələlər müzakirə olunub. Bundan əlavə olaraq Lavrovun İrəvan səfəri zamanı Fərrux yüksəkliyi ilə bağlı məsələ diqqət çəkdi. Bütün bunların hamısını cəmləyərək demək olar ki, Lavrovun Azərbaycana səfəri Azərbaycan üçün hər hansı bir nüansla yadda qalmasa da, bölgənin gələcək iqtisadi, siyasi, hərbi vəziyyəti ilə bağlı çox şey ifadə edir. Rusiya-Ukrayna münaqişəsində Rusiyanın məğlub olmasına baxmayaraq hələ də gözünü Cənubi Qafqazdan çəkmir. Bu isə o deməkdir ki, Rusiya gələcəkdə tam şəkildə Ukrayna cəbhəsində məğlub olmasa, Cənubi Qafqazda Ermənistan vasitəsilə istənilən imkanlardan istifadə edərək regionda qeyri-stabillik olacaq. Bu da ondan irəli gəlir ki, Rusiya Cənubi Qafqazdan öz qoşunlarını çıxartmaq istəmir".

Arzu Qurbanlı