Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir

29 İyun 2022 12:01 (UTC+04:00)

Təcavüzkar Ermənistanın 30 il işğal altında saxlayıb xarabazara çevirdiyi müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda ötən il sentyabrın 27-də başlanmış Vətən müharibəsi 44 gündən sonra Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Savaşın bu cür uğurlu sonluqla nəticələnəcəyi əvvəldən bəlli idi. Çünki biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi.

Milli Ordumuz cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük bir qismini azad etdi. Bu qələbə dövlətçilik tariximizin ən şərəfli zəfəri kimi tarixə çevrildi.

Azərbaycan 30 ilə yaxın Ermənistanla danışıqlar apardı, lakin heç bir səmərəsi olmadı. Ermənistan mövcud vəziyyəti – status-kvonu saxlamaq üçün Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən yararlanırdı. Ermənistanın ikinci və üçüncü prezidentləri silahlanmağa böyük yer verir, müdafiə xətti qururdular. Bir çox halda diplomatik danışıqları pozurdular. Dağlıq Qarabağ klanının üzvləri heç bir halda işğal etdikləri Azərbaycan ərazilərini geri qaytarmaq istəmirdilər. Xarici qüvvələrin dəstəyi ilə N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə yeni vəziyyət yarandı. Lakin aydın oldu ki, o da oyun oynayır, müxtəlif vədlər versə də, çıxış üçün manevrlər edirdi.

Bütün bunları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çox yaxşı bilirdi. Ona görə də danışıqlarda N.Paşinyanı çətin vəziyyətə salır, belə demək mümkünsə onu biabır edir, ona dərs verirdi. Sülh danışıqlarını davam etdirməklə yanaşı, problemin lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Ordunun peşəkarlığı, döyüş hazırlığı artırılır, yeni növ silahlardan istifadə vərdişlərinin formalaşdırılması, hərbi təlimlərin yüksək səviyyədə keçirilməsi də təsdiq edilmiş plan əsasında, bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında yerinə yetirilirdi.

Azərbaycan lideri İlham Əliyevin “Biz torpağımızı heç kimə güzəştə getməyəcəyik”, “Sülh yolu ilə həll edilməsə, problemin hərbi yolla həlli qaçılmaz olacaq”, “Qarabağ Azərbaycandır!” kimi qətiyyətli bəyanat və çağırışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu.

Düşmən ordusu məğlub edilməklə yanaşı, həm də darmadağın edildi. Azərbaycan Ordusu düşmən üzərində hər cəhətdən tam üstün olduğunu sübut etdi. Xilaskar və müzəffər Azərbaycan Ordusunun istifadə etdiyi taktika ən müasir müharibə taktikası idi. Döyüşlərdə qazanılan uğurlar hərbi əməliyyatların planlaşdırılmasından asılı idi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm müasir Azərbaycan Ordusunun yaradılması üzrə çoxillik mürəkkəb iş dövründə, həm də Qarabağda işğal olunmuş ərazilərimizin azad edilməsi uğrundakı hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi uğrunda Qarabağda gedən döyüşlərdə tarixi dönüş baş verdi.

Ölkəmiz döyüş meydanında olduğu kimi, diplomatiya cəbhəsində də çox böyük və bundan sonra hələ xeyli danışılacaq, müzakirə olunacaq, mahiyyəti daha da aydın anlaşılacaq əhəmiyyətli digər bir zəfərə də imza atdı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Lakin bütün bu maneələrə baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün çətinliklərə müdrikliklə sinə gərərək onların hamısını aradan qaldırdı.

Qətiyyətli Ali Baş Komandanın rəhbərliyi, vətənpərvər Xalqın birliyi və qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımız azad edildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad edilməsinin ardınca işğalçı Ermənistanın Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasıya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu.

Vətən müharibəsi II Qarabağ savaşının Azərbaycan üçün elə böyük tarixi və siyasi əhəmiyyəti vardır ki, bu, ölkəmizin beynəlxalq nüfuzunu artırmış və artırmaqda da davam edir. Vətən müharibəsini ölkəmizin düçar olduğu hansı müharibə ilə müqayisə etmək olar? Təbii ki, belə bir müqayisə üçün Vətən müharibəsinə heç olmasa yaxın gələn müharibə olmamışdır. 44 günlük müharibənin həll etdiyi problemləri heç bir müharibə həll etməmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev nitqlərinin birində demişdir ki, ölkəmizin tarixi inkişafı dövründə Vətən müharibəsi ilə müqayisə oluna bilən müharibə olmamışdır.

Məlumdur ki, hər bir müharibənin taleyini ordu həll edir. Ordu isə canlı qüvvələrdən və silah-sursatdan formalaşır. Müharibəyə qədər hərbçilərin peşəkarlığı, silah-sursatdan istifadə etmək bacarığının formalaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Xarici ölkələrdə təhsil almağa, hərbi biliklərinin və peşəkarlıqlarının artırılması qayğısına qalınmışdır. Burada hərbi təlimlərin də əhəmiyyətini xüsusi olaraq qeyd etməliyik. Hərbi təlimlər hərbçilərdə praktik vərdişlər formalaşdırır. Ordunun müasir silah-sursatla təchiz edilməsinə ölkəmizdə xüsusi əhəmiyyət verilmişdir.

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.

Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu qələbə Azərbaycanı qaliblər sırasına çıxardı və daha da güclü etdi. Qazanılmış Qələbə ölkəmiz üçün inkişaf, tərəqqi və təhlükəsizlik dövrü açdı.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının Sədri