"Prezidentin hər səfəri mühüm tarixi hadisədir" - DEPUTAT ŞƏRH ETDİ

29 İyun 2022 12:00 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə vaxtaşırı hər səfəri mühüm tarixi hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, hər səfər zamanı həmin bölgədə gələcək üçün böyük əhəmiyyət kəsb edən müəyyən obyektlərin açılışı edilir: "Gələcəklə bağlı planlar açıqlanır. Azərbaycanın dünya birliyinə yüksək nüfuzunu göstərən bəyanatlar verilir. Ölkə başçısının Kəlbəcərə səfəri artıq Kəlbəcər rayonunun inkişafı ilə bağlı Azərbaycan dövlətinin çox ciddi planlarının olduğunu göstərir. Kəlbəcərin əvvəlki şöhrəti nəinki bərpa ediləcək, həmçinin Kəlbəcər dünyanın tənınan bölgələrindən birinə çevriləcək.

“İstisu” sanatoriyasının bərpa edilməsi yeni iş yerləri potensialının, Qarabağ bölgəsinin inkişafının, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmasının anonsu deməkdir. Eləcə də Kəlbəcər rayon mərkəzinin baş planının təsdiq edilməsi gələcəkdə həmin ərazinin istirahət şəhərinə çevrilməsi üçün böyük zəmin yaradır. Həmçinin cənab Prezidentin digər bölgələrə də səfərləri onu göstərir ki, işğaldan azad olunan ərazilərin bərpa edilməsində böyük işlər görülür. Torpaqlarımız minalardan təmizlənir, böyük infrastrukturlar qurulur, “Ağıllı şəhər” layihəsi uğurla həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin “Bərpa etdiyimiz yerlər nəinki Azərbaycanın, dünyanın ən nümunəvi yerləridən biri olacaq” fikri öz təsdiqini tapır”.