"Dünyaya Qarabağın Azərbaycan olduğunu sübut etdik" - DEPUTAT ŞƏRH ETDİ

29 İyun 2022 10:54 (UTC+04:00)

"Müzəffər Ali Baş Komandanımızın Kəlbəcərdəki çıxışını Ermənistanda hər kəs hətta İrəvanda Paşinyan da eşidirdi. Bildiyimiz kimi bu günlərdə Respublikamızın Prezidenti cənab Əliyev Silahlı Qüvvələr Günündə bir neçə rayonlarda olmuş müxtəlif tədbirlərdə iştirak etmişdir. Kəlbəcər rayonuna səfəri çərçivəsində isə Müzəffər Ali Baş Komandanımız komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib, bu rayonda yeni inşa edilən hərbi şəhərciyin baş planı ilə tanış olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Ermənistanla sərhəd rayon olan Kəlbəcər səfəri zamanı əlamətdar məqamlardan biri də yenicə inşa edilmiş sayca ikinci kamando hərbi hissəsinin açılışı zamanı cənab Prezident İlham Əliyev şəxsi heyəti qarşısında etdiyi çıxış və orada səsləndirilən mesajlardır: "Dağın o biri tərəfində yerləşən erməni hərbiçiləri, sərhədçiləri, onları dəstəkləyən qüvvələr bu tarixi çıxışı eşidə bilirdi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bu çıxışda səslənən bir sıra fikirləri paylaşmaq istərdim. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi Zəfərlə bitdikdən sonra möhtərəm Prezidentimiz dəfələrlə Azərbaycan Ordusunun tamamilə Türkiyə ordusu kimi qurulması üçün müvafiq qurumlara ciddi və konkret tapşırıq verdiyini bildirmişdi".

Deputat sözlərinə belə davam edib: "Qeyd etdiyim kimi bu təxminən ay bundan əvvəl, azad edilmiş Hadrutda ilk komando hərbi hissəsi istifadəyə verilməsi də bu islahatın nümunəsi olmaqla, müharibədən sonra da ordu quruculuğu prosesinin sürətlə getdiyini göstərir. Möhtərəm Müzəffər Ali Baş Komandanımızın da dediyi kimi, yeni yaradılmış komando qüvvələri də bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Sözsüz ki, bu ölkəmizin müdafiə təhlükəsizlik sahəsində gücünü daha da artırmış olacaq. Möhtərəm Prezidentimiz hər zaman olduğu kimi bu çıxışında da 44 günlük Vətən müharibəsində xalqımızın böyüklüyünü, yenilməz ruhumuzu, güclü iradəyə malik olmasını, işğalla heç vaxt barışmayacaq bir xalq olduğunu minnətdalıqla vurğuladı. O, çıxışında işğalçı Ermənistana münasibətdə beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların ikiüzlülüyünü qeyd etdi.

Həqiqətən də ötən illər ərzində möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin məqsədi ölkəmizdə ən güclü ordunun qurulmasına, dövlətimizin iqtisadi gücünün artırılmasına, dünyada həm də iqtisadi cəhətdən tam müstəqil bir dövlət səviyyəsinə çatdırmaq idi. Məhz bunlar bizim müharibədə qələbə qazanmağımız üçün çox vacib şərtlər idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu məqsədlərə çatmaq üçün gecə-gündüz işlədi və buna nail olduq. Bunun nəticəsi idi ki, bu müharibədən xalqımız müzəffər xalq və qalib dövlət kimi çıxdı.

Eyni zamanda xarici siyasətdə möhtərəm Prezidentimizin müdrik və uzaqgörən diplomatiyası sayəsində bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı və təcavüzkar kimi tanıdı. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, beynəlxalq hüququn norma və prinsipləri işləməsə də haqq-ədalət və beynəlxalq hüquq ölkəmizin tərəfində oldu və bütün gücümüzü səfərbər edərək dünyaya Qarabağın Azərbaycan olduğunu sübut etdik.

Möhtərəm Prezidentimiz qələbəmizi şərtləndirən amillərdən birinin də gənc nəslin vətənpərvərlik ruhda tərbiyə edilməsi və bu saha çox böyük iş görülmüş olduğunu, gənclərimizin vətənpərvər, vətən sevgisi və vətənə bağlı olduğunu qeyd etmişdir. Həqiqətən də nəinki xalqımız, bütün dünya Azərbaycan gənci Vətən müharibəsi zamanı öz şücaət və rəşadəti ilə bunu bütün dünyaya göstərdi. Müstəqillik illərinin yetişdirdiyi bu gənclər öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

Məhz qeyd etdiyim bu amillərə görə də mənfur düşmən kapitulyasiya sazişinə imza atmağa məcbur oldu və bəzi rayonlar eləcə də heç döyüş əməliyyatı keçirilmədən Kəlbəcər azad edildi. Möhtərəm Ali Baş Komandanımızın müdrik sərkərdəliyi ilə bu gün Müzəffər Milli Ordumuzun müharibə taktika və strategiyası, əsgər və hərbiçilərin peşəkarlığı, istifadə olunan müasir texnologiyalarla hazırlanan hərbi texnika, xüsusilə də alınmaz qala olan Şuşanın alınması ayrı-ayrı ölkələrin ali məktəblərinin hərbi dərsliklərinə XXI əsrin ən uğurlu savaşı kimi daxil edilibdir.

Qazandığımız möhtəşəm Zəfərlə xalqımız dünya birliyində qəhrəman, alnıaçıq, qürurlu, şan və şərəfli bir millət kimi bir daha təsdiq etdi. Sözsüz ki, tariximizin qızıl səhifələri olacaq bu Zəfər gələcək nəsillər üçün də tükənməz iftixar və şöhrət mənbəyi olacaqdır.

Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin müharibədən qısa müddət keçməsinə baxmayaraq, bütün sərhəd boyunca yeni hərbi hissələrin qurulması, Ordumuzun yeni silah və son model hərbi texnika ilə təchiz edilməsi həm də dövlətimizin gücünü göstərir. Bunun nəticəsidir ki, bugün Ordumuz əvvəlkindən də güclüdür. Möhtərəm Prezidentimiz çıxışında çox əhəmiyyətli və diqqətçəkici məqamlardan biri də onun həm erməni xalqına, hazırkı iqtidar, eləcə də revanşist qüvvələrə növbəti dəfə sərt və qəti mesajlar göndərdi. Onun “o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın” deyərək, Ermənistanın sərhədlərin müəyyən edilməsi işində vaxt uzatmağa çalışmalarıının, onlar üçün peşmançılıq olacağını səsləndirməsi sözsüz ki, Ermənistanın bütün təbəqələri üçün çox açıq və ciddi xəbərdarlıq idi. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq.

Bildiyimiz kimi bu gün də Ermənistanda, bəzi beynəlxalq təşkilatlarda eləcə də dünyada Ermənistanın rüsvayçı məğlubiyyətini qəbul etmək istəməyən qüvvələr var. “Bəlkə də qaytardılar “xülyası ilə yaşayan bu qüvvələr bilməlidir ki, Azərbaycan xalqı və onun Müzəffər Lideri müharibə istəmir, heç vaxt istəməmişdi. Bu mənada müharibəyə də məcburi cəlb olunduğumuz təcavüzə görə cəlb olunduq və dövlətimizin və xalqımızın yenilməzliyini sübut etdik. Ermənistan, eləcə də onu dəstəkləyənlər istədələr də, istəməsələr də bu reallığı qəbul etmək məcburiyyətinfədir. Bu müharibədə bütün dünya şahid oldu ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu və xalqı var.

Minnətdarlıq və qürurla qeyd etməliyik ki, möhtərəm Prezidentimiz Kəlbəcər rayonunu ərazisində yeni açılan komando hərbi hissəsinin açılış mərasimində tezliklə Qarabağ və Şərqi Zəngəzurda görüləcək ən müasir standartlı infrastruktur və bərpa işləri haqqında da xalqımıza ətraflı məlumat və qiymətli müjdələr verdi".

Ayşən Vəli