Kremençukda ABŞ və Avropa ölkələrinin tədarük etdiyi silah və sursatlar vuruldu

28 İyun 2022 23:25 (UTC+04:00)

Rusiya Ukraynanın Kremençuk şəhərində ABŞ və Avropa ölkələrinin tədarük etdiyi silah və sursatların vurulduğunu açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov paytaxt Moskvada ölkəsinin fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədə Rusiya ordusunun əməliyyatları ilə bağlı açıqlamalar verib.

Ukrayna qüvvələrinin “kritik” itkilər verdiyini iddia edən Konehankov deyib:

“Rusiya Aerokosmik Müdafiə Qüvvələrinin Xarkovdakı “Azov” batalyonunun və 92-ci motoatıcı briqadasının qərargahına hücumu nəticəsində 100-dən çox Ukrayna əsgəri, xarici muzdlu döyüşçü və 15-ə yaxın zirehli texnika məhv edilib”.

Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirib və deyib:

"Poltava vilayətinin Kremençuk şəhərində dünən Rusiya Aerokosmik Müdafiə Qüvvələri tərəfindən ABŞ və Avropa ölkələrinə məxsus silah və sursatların olduğu anqarlar havadan yüksək dəqiqlikli silahlarla vurulub. Hücum nəticəsində Qərb istehsalı olan Donbasda Ukrayna qoşunlarına göndərilmək üçün saxlanılan silah və sursatlar vuruldu. Sursatların partlaması işlək vəziyyətdə olmayan yaxınlıqdakı ticarət mərkəzində yanğına səbəb oldu".

Son 24 saat ərzində Ukrayna ordusunun Donetsk vilayətində 2 inzibati mərkəzinin, Luqansk vilayətində isə Ukrayna əsgəri və hərbi texnikasının məhv edildiyini qeyd edən Konaşenkov Rusiyanın hava döyüş taktiki birləşmələrinin 24 idarəetmə mərkəzini və əsgər və hərbi texnikasını məhv etdiyini bildirib.

Ukraynaya məxsus 3 ədəd "Su-25" tipli döyüş təyyarəsi, "Mi-8" tipli helikopter və 9 ədəd pilotsuz uçuş aparatının vurulduğunu qeyd edən Konaşenkov 7 ədəd "Toçka-U" ballistik raketinin ələ keçirildiyini bildirib.

Konaşenkov “Ukraynada bu günə qədər 218 təyyarə, 133 helikopter, 1382 pilotsuz uçuş aparatı, 350 hava hücumundan müdafiə raket sistemi, 3 min 837 tank və zirehli texnika, 690 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3 min 37 haubitsa və minaatan, 3 min 37 minaatan hərbi avtomobil məhv edilib” deyib.