Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

28 İyun 2022 17:35 (UTC+04:00)

İyunun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin görüldüyü, infrastruktur layihələrinin icra edildiyi, yeni yaşayış sahələrinin inşa olunduğu, bərpa və yenidənqurma işlərinin aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vurğulanıb ki, məcburi köçkünlər üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad olunmuş şəhər və rayonların bir çoxunun Baş Planı artıq təsdiq edilib, bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.