“Azərbaycanda effektiv iqtisadi idarəetmə modeli mövcuddur” EKSPERT AÇIQLADI

28 İyun 2022 17:29 (UTC+04:00)

“Cari ilin ilk 5 ayında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 7, 2 faiz artmışdır”.Bunu SİA-ya açıqlamasında İqtisadçı-ekspert, Odlar Yurdu Universiteti "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının baş müəllimi Aslan Əzimzadə deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0, 5 faiz, qeyri-neft-qaz sektorunda isə 11 faiz artmışdır: “Qeyd etmək lazımdır ki, bu dövr ərzində ÜDM-də ən yüksək xüsusi çəki məhz sənaye sahəsi üzrə olmuşdur. Təbii ki, ÜDM-dəki bu artımın bir neçə səbəbi vardır. İlk səbəb odur ki, Azərbaycanda effektiv iqtisadi idarəetmə modeli mövcuddur. Əldə olunan gəlirlər doğru istiqamətdə xərclənir və iqtisadiyyat doğru formada diversifikasiya olunur. Digər bir istiqamət isə pandemiya dövründə istehsalın qarşısında duran müəyyən baryerlərdir ki, bu baryerlər artıq yumşalıb və bu proses istehsalın inkişafına təkan vermişdir. Qeyd etmək lazımdır ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri aparılır. Bu səbəbdən düşünürəm ki, il sonuna kimi ÜDM-də tikinti sektorunun xüsusi çəkisinin artmasını görə bilərik”.