"Təxirəsalınmaz işlər həyata keçirilir” - DEPUTAT ŞƏRH ETDİ

28 İyun 2022 16:26 (UTC+04:00)

"Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrimizə səfərlər edir. Prezidentin hər səfərində yeni obyektlərin təməlinin qoyulması, inşası, obyektlərin açılışının edilməsi bugünkü Azərbaycanın reallıqlarıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, necə ki, 44 gün ərzində Azərbaycan öz gücünə böyük qələbəsini qazandı, eləcə də bu gün də öz gücünə bu ərazilərdə böyük quruculuq-abadlıq, bərpa işlərini görür: "Prezidentin Kəlbəcərə səfəri çox vacib məqamlarla yadda qaldı. Bildiyimiz kimi Kəlbəcər Qarabağın ən böyük inzibati rayonudur. Ərazisi, təbii sərvətləri, relyefi çox gözəldir. Kəlbəcər Azərbaycan üçün çox önəmli rayondur və böyük turizm potensialı var. Cənab Prezident İlham Əliyev tərəfindən "İstisu" sanatoriyasının təməlinin qoyulması onu deməyə imkan verir ki, ən qısa zamanda turizm infrastrukturunu da bərpa edəcəyik, bütün dünya da cənnət məkan ərazilərə axın edəcək.

Digər bir məsələ isə yeni komando briqadalarının yaradılması, həmçinin bölgələrimizdə Azərbaycanın hərbi gücünün artırılmasıdır ki, təbii ki, müasir ordu qurculuğunda çox vacib amilə çevrilib. Prezidentin Kəlbəcərə səfər etməsi mühüm tarixi əhəmiyyətə malikdir. Prezident hərbi hissənin açılışı zamanı əsgərlərin, zabitlərin qarşısında çıxış edərkən bildirib ki, Azərbaycanın bütün sərhədboyu əraziləri möhkəmlənir və burada nəzarət tam olaraq Azərbaycanın əlindədir: “Düşmən “dəmir yumruğ”un hər zaman hazır olduğunu unutmalı deyil. Biz fəxr edirik ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir və quruculuq-abadlıq, yenidənqurma işlərinə şəxsən nəzarət edir, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər həyata keçirilir”.