Rus ekspert: Putin və Əliyev Xəzər sammitində Zəngəzur dəhlizini müzakirə edəcək - MÜSAHİBƏ

28 İyun 2022 16:20 (UTC+04:00)

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Xəzər sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Baş verən beynəlxalq hadisələr fonunda “Xəzər beşliyi” ölkələrinin həm siyasi, həm də iqtisadi baxımdan, regional təhlükəsizlik baxımından saatlarını sinxronlaşdırmağa ehtiyac duyduğu göz qabağındadır. Bundan başqa, oktyabrda Rusiya öz ərazisində Xəzər İqtisadi Forumuna ev sahibliyi edəcək.

Putinlə Əliyevin qarşıdan gələn Xəzər sammitində görüşü, analitiklərin fikrincə, məntiqlidir və xüsusilə aktualdır. Bir az əvvəl İran lideri ilə olduğu kimi. Putinlə Əliyev sonuncu dəfə bu ilin fevralında Azərbaycan prezidentinin Moskvaya səfəri zamanı görüşüblər. Bir neçə gün əvvəl- iyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edib- ondan əvvəl İrana, daha əvvəl isə Ermənistana. Xatırladaq ki, iyunun 14-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk Türkiyədə Rəcəb Tayyib Ərdoğanla ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib.

Bakıda keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında Sergey Lavrov bildirib ki, Rusiya və Azərbaycan Şimal-Cənub dəhlizinin və onun Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran ərazisindən keçən hissəsinin işlənməsi barədə razılığa gəliblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qeyd edib ki, Azərbaycan tərəfi regionda tranzit və kommunikasiya əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. “Bu baxımdan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu, öz effektivliyini göstərib və artım imkanına malikdir”, - deyə Bayramov bildirib.

Dəniz və quru yolu ilə “Şimal-Cənub” nəqliyyat dəhlizi Baltikyanı ölkələri Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran vasitəsilə Hindistanla birləşdirməlidir. Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaları və yaxşı qurulmuş logistika zəncirlərinin pozulması kontekstində Rusiya ilə Azərbaycan və regionun digər ölkələri arasında nəqliyyat-iqtisadi əməkdaşlıq xüsusilə vacibdir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhliznin aktivləşdirilməsi.

Bundan başqa, Lavrov və Bayramov Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasını, yəni Zəngəzur dəhlizinin yaradılmasını müzakirə ediblər.

Bura əlavə etmək olar ki, srağagün Rusiya-İran İşgüzar Şurasının sədri Vladimir Obydenov İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Qulamhüseyn Şafei ilə görüşdə deyib: “Şimal-Cənub dəhlizinin bir hissəsinin tikintisinin başa çatması Rusiyanın məqsədləri üçün böyük əhəmiyyət kəsb edir və bu marşrut Rusiya Federasiyasının Pakistana çıxışına yol açacaq. Astara-Rəşt-Qəzvin dəmir yolu Rusiya, Azərbaycan və İranın dəmir yollarını birləşdirməlidir.

Bunun fonunda srağagün Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin ilk görüşü keçirilib.

Belə formatın yaradılmasının məqsədlərindən biri də Avropa və Asiya arasında nəqliyyat kommunikasiyalarının inkişafıdır. Nazirlər Xəzər dənizindən keçən Şərq-Qərb Orta Dəhliz də daxil olmaqla nəqliyyat kommunikasiyalarının və yükdaşımalarının inkişafını müzakirə ediblər. Şərq-Qərb nəqliyyat dəhlizi yüklərin aşağıdakı marşrut üzrə çatdırılmasını nəzərdə tutur: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və ya Qara dəniz-Avropa. Nazirlər Şərq-Qərb layihəsi çərçivəsində Zəngəzur dəhlizinin şaxələndirilməsi baxımından açılmasının vacibliyini də müzakirə ediblər.

Rusiya üçün Xəzər, Qafqaz regionlarında və ondan kənarda çoxformatlı əməkdaşlıq imkanları ilə nəqliyyat layihələrinin inkişafı bu gün xüsusilə aktuallaşır. Bu baxımdan, Moskva üçün Ermənistan-Azərbaycan arasında tikilməkdə olan Zəngəzur dəhlizinin layihəsi də strateji əhəmiyyət kəsb edir. Gələcəkdə Zəngəzur dəhlizi Rusiyanı Ermənistan və Türkiyə ilə, Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Nəticədə region ölkələri arasında “yerdə” bütöv bir nəqliyyat qarşılıqlı əlaqəsi şəbəkəsi formalaşır.

Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov bu məsələlərlə bağlı Moskva-Baku portalına maraqlı fikirlər bildirib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

- Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, Şərqlə Qərb arasında coğrafi mövqeyinə görə unikaldır, nəqliyyat qovşağına və böyük nəqliyyat dəhlizinin ən mühüm halqalarından birinə çevrilməyi bacarıb. Bakının bu gün müxtəlif tərəfdaşlarla nəqliyyat layihələri hazırlamaq üçün hər cür imkanı var. Bu, təkcə beynəlxalq aləmdə statusun artması deyil, həm də əməli faydadır. Yeni bazarlar üçün istehsal həcmini də artıra bilər.

Məlum hadisələrlə əlaqədar Rusiya hazırda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini nəzərəçarpacaq dərəcədə gücləndirir. İran da bunda maraqlıdır.

Nəzərinizə çatdırım ki, “Şimal-Cənub” dəhlizi çoxlu sayda qolu olan nəhəng layihədir. Çin də buna maraq göstərir. Burada biz həm də Çinin “Bir kəmər, bir yol” layihəsində gələcəyə bağlılığı və Rusiya ilə Azərbaycanın buna marağını görürük.

Ona görə də Putinlə Əliyevin istər yeni şəraitdə əməkdaşlıq baxımından, istərsə də konkret layihələr, o cümlədən nəqliyyat, xüsusilə Şimal-Cənub layihəsi və Zəngəzur dəhlizi baxımından müzakirə edəcəkləri nəsə var.

Gələcəkdə Ukrayna ilə bağlı hadisələr bitəcək və Sankt-Peterburq vasitəsilə yenidən Avropaya pəncərə açılacaq. Şimal-Cənub dəhlizi isə əvvəlcə nəzərdə tutulan formatda işləyəcək. Rusiyanın Qərb tərəfindən bloklanmasının indiki vəziyyəti müvəqqətidir. Mallar da Avropaya gedəcək. Bunu təkcə Rusiyada deyil, Aİ-də də ağıllı insanlar başa düşürlər. Bu, bütün tərəflərin iqtisadiyyatının inkişafı üçün lazımdır.

Cənubi Qafqazda kommunikasiyaların açılmasına gəlincə, Ermənistan Zəngəzur dəhlizi və digər məsələlərdə özünü konstruktiv aparmalıdır. Bir tərəfdən İrəvan bu layihələrdə iştirakın bütün faydalarını anlayır, digər tərəfdən də uzun illər aparılan təbliğat, cəmiyyətin hansısa hissəsinin revanşist əhval-ruhiyyəsi Ermənistanı ləngidir, onu dibə çəkir. Paşinyan kommunikasiyalar açaraq Azərbaycanla sülhə hazır ola bilər. Amma cəmiyyət də hazır olmalıdır, bütün regionla inkişaf etməyi seçməlidir, yoxsa keçmişdə, təcrid olunmuş halda, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə, Ermənistanın həqiqətən də mühüm iqtisadi layihələrin bir hissəsinə çevrilməsinə imkan verməyən xəyali ağrılardan həzz almalı olacaq.

Yeri gəlmişkən, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı məsələni həll etməməsində Tehranın əlinin olmasını istisna etməzdim. Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi İran və Ermənistan arasında qeyri-qanuni dəhlizin fəaliyyəti ilə bağlı planları məhv edir. Xatırladaq ki, ötən il Tehranla Bakı arasında qalmaqal yaşanmışdı, Azərbaycan tərəfi separatçıların nəzarətində olan Qarabağdan keçməklə Ermənistan və İranı birləşdirən yolda öz postlarını qurdu. Və əgər Zəngəzur dəhlizi olarsa, o zaman onun vasitəsilə qeyri-qanuni tədarüklərə son qoyulacaq.

Həmin münaqişədən sonra Azərbaycan və İran razılığa gələ bildilər - Azərbaycandan onun Naxçıvan bölgəsinə İslam Respublikası vasitəsilə yolun tikintisinə başlanılıb. Bu, Azərbaycan üçün ən yaxşı variant deyil, çünki bu yolla Tehrandan qismən asılı vəziyyətə düşür. Bu yol Zəngəzur dəhlizini əvəz etməyəcək, lakin Azərbaycan yerində durmamaq üçün müxtəlif layihələrin həyata keçirilməsi sxemləri axtarır.

Çox güman ki, Tehran gizli şəkildə çirkin oyunlar oynayır. Amma gec-tez məsələ öz həllini tapacaq. Bu aydındır.

Ermənistan rəhbərliyi isə səciyyəvi olduğu kimi, daha çox özü üçün sövdələşməyə çalışır. Razılaşmalar var- amma İrəvan deyir: yaxşı, bunu edək, gəlin müzakirə edək. Baxmayaraq ki, hər şey artıq qərarlaşdırılıb. Zəngəzur dəhlizində də belədir. Üçtərəfli sənədlər imzalanıb. Dəhliz boyu hər şey aydındır. Amma yox, Ermənistan deyir ki, biz hələ müzakirə etməliyik. Ermənistan hakimiyyətinin beynəlxalq dialoqda işləyən bazar məntiqi var, halbuki dövlət, bazar təfəkkürü olan insanların əlində olmamalıdır.

İrəvanın Azərbaycanla danışıqların ATƏT-in Minsk qrupu vasitəsilə aparılmalı olduğu mövqeyini irəli sürməsində də bazar məntiqi işləyir. Cənab Lavrov Bakıda mövcud reallığı dilə gətirib. Minsk qrupu uzun müddətdir ki, ölüb. Bu, İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verdi. İrəvanla Paris arasında xüsusi əlaqələr qalmaqdadır. Avropa İttifaqı isə yuyulmamış çömçə kimi Cənubi Qafqaza yuvarlanmaqla və bunun üçün şərti “Minsk Qrupu”ndan istifadə etməklə gəlmək istəyir. Qərb Cənubi Qafqazda təsirini artırmaq üçün Minsk qrupu vasitəsilə, İrəvan vasitəsilə müəyyən rol oynamaq istəyir. Xüsusən də ABŞ və Fransa. Ermənistan tarixən Fransanın bölgədəki forpostudur. Ermənistan da bununla oynayır. Ermənistanın danışıqların ATƏT-in Minsk Qrupu vasitəsilə aparılmasının zəruriliyi ilə bağlı bəyanatları boş-boş bəyanatlardır və Parisə təzim etməkdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.