Lavrovun Bakı səfəri – bundan sonra nə gözlənilir? TEMATİKA

28 İyun 2022 14:09 (UTC+04:00)

Lavrovun ötən həftə Bakıya səfəri zamanı səsləndirdiyi bir sıra fikirləri qarşıdakı dövrlərin regional konturlarını müəyyən edir. Misal üçün, “Dağlıq Qarabağ” termininin işlədilməməsi, onun yerinə Qarabağ ifadəsinin səsləndirilməsi də bu çərçivədəndir. Bu isə mövcud prosedurda vacib faktorlardandır və burada ilk addımın, yaxud təşəbbüsün Avropa İttifaqı tərəfindən atıldığını da qeyd etməliyik. Daha dəqiq desək, Aİ-nin ardınca Rusiya tərəfinin də eyni termindən istifadəsi ilk növbədə Azərbaycanın diplomatiyasının, eyni zamanda qətiyyətinin növbəti uğurudur.

Daha bir nəticə isə belədir ki, hazırda Rusiya ilə Aİ-nin qarşılıqlı siyasi qəbuledilməzlik münasibətləri mövcud olsa da, yəni Moskva Brüsselin təşəbbüslərindən qıcıqlansa da, həmin təşəbbüs olmadan biz Rusiya tərəfinin vasitəçi olaraq fəallaşmasını müşahidə edə bilməzdik.

Bəs nəticə nədir? İlk olaraq ATƏT-in Minsk qrupu yoxdur! Lavrov bunu Bakıda açıq və aydın şəkildə bəyan etdi. Lavrovun bəyanatı paralel olaraq erməni tərəfinə, eləcə də həmsədrlərə verilən mesaj idi ki, artıq başqa variant da yoxdur!

Beləliklə, Rusiya vasitəçilik roluna daha ciddi yanaşır və prosesdə əsas iştirakçılardan birinə sahib olduğunu nümayiş etdirməyə çalışır. O cümlədən, fakt budur ki, Moskvanın yanaşması təxminən bu cürdür – vasitəçilər Azərbaycanın şərtlərini qəbul etməlidirlər və əks halda onların uğurlarından söhbət gedə bilməz. Həm Rusiya, həm də Aİ artıq həmin faktoru danılmaz reallıq kimi qiymətləndirirlər.

Başqa tərəfdən, Ermənistanın 2020-ci ilin noyabrından vaxtı uzatmaq cəhdləri artıq tükənib və bunu həm Brüssel, həm də Moskva yaxşı görür, anlayır – vaxt daralır. Lakin daha bir maraqlı məqam da mövcuddur. Bu, yeni Laçın yolunun istifadəyə verilməsinə sayılacaq zamanın qalmasıdır. Əbəs deyil ki, Lavrov Bakıda olarkən ona yeni yolun inşası barədə məlumatlar verilib, tikintinin aparıldığı yerlərin fotoşəkilləri və videokadrları göstərilib. O cümlədən, Rusiya sülhməramlı kontingentinin yeni Laçın yoluna dislokasiyası, əsasən də Azərbaycan ərazisinə daxil olma reqlamenti (!) təqdim edilib. Və təbii ki, Zəngəzur dəhlizi məsələsi də əsas müzakirə predmeti olub. Əlbəttə, o nəzərə çatdırılıb ki, dəhlizin açılması mexaniki olaraq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə də öz təsirlərini göstərəcək və bu fakt Qarabağdakı erməni separatçılarının illüziyalarına birdəfəlik son qoyacaq. Yəni ikibaşlı oyunbazlıqlara axır ki, bir son qoyulmalıdır!

Nəticə etibarı ilə Lavrovun Bakı səfərinin ən nəzərəçarpacaq daha bir nüansı təxminən belədir:

- Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Qarabağın erməni əhalisinin demilitarizasiyası (tərksilah edilməsi) və prosesdə RSK-nın fəallığının artırılması. Yeri gəlmişkən, bu mövzu eyni zamanda, sərhədin nəzarəti ilə bağlıdır və mütləq şəkildə realizə edilməlidir. Təbii ki, bu məsələlərdə Rusiyadan siyasi iradə tələb edilir və mövcud reallıqda və vəziyyətdə həmin məsələləri sonraya saxlamaq Moskvaya siyasi baxımdan zərər olardı. Bakı isə son gözləmə mövqeyinin sonuncu mərhələsində olduğunu nümayiş etdirib və jest göstərməklə bir az da vaxt ayırıb, amma bir az!

Rövşən RƏSULOV