Nadir şəxsiyyət - Milli və siyasi lider

25 İyun 2022 18:03 (UTC+04:00)

Azərbaycanın faciəvi günlərindən biri hesab olunan 4 iyun 1993-cü il Gəncə hadisələrindən sonra vətənin ağır günündə xalqın dəvəti ilə Naxçıvandan Bakıya gələn Azərbaycanın xilaskarı, dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyev qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Dövlətçilik ustadı və müdrik ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı, Azərbaycana əmin-amanlıq gətirdi. 1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməklə ikinci dəfə qazanılmış müstəqilliyimizin itirilməsinə yol vermədi, dövlətimizin varlığını qorudu. 15 İyun olmasa idi, nə Azərbaycan, nə artan iqtisadiyyat, nə də suveren dövlət ola bilməyəcəkdik. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin olduğu bir dövrdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsinə, siyasi səriştəsinə, dünyagörüşünə arxalanaraq bu böhrandan ölkəni çıxarmağa qadir yeganə şəxs idi. Belə bir vaxtda möhtərəm ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı.1993-cü il iyunun 24-də qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladıqdan sonra dahi liderimiz Heydər Əliyev Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməlini qoydu, Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bu tarixi hadisə ədalətin və milli iradənin təntənəsi idi, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi, xalq öz liderini görmək istədiyi məqama yüksəltdi. Bu dövrdən başlayaraq Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır.Ali Sovetə rəhbərlik etdiyi və eyni zamanda Prezident səlahiyyətlərini icra etdiyi dövrdə ümummilli lider Heydər Əliyev ordu quruculuği sahəsində mühüm qərarlar qəbul etmiş, Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə mühüm dəyişikliklər etmişdir. Heydər Əliyev bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görmüşdür. O, Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirmişdi.Prezident səlahiyyətlərini icra etdiyi dövrdə ulu öndər Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır”.1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi ulu öndər Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etməklə düzgün seçim etmişdir. Xalqın bu milli iradəsinin nəticəsini bu gün hamılıqla gözlərimizlə görürük.Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı. Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi - mühüm islahatlar aparıldı, Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı.Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışından sonra dövlət çevrilişinə cəhdlər oldu. Lakin bu dahi şəxsiyyətin işıqlı dühası, zəngin siyasi təcrübəsi, xalqa möhkəm bağlılığı, nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərdi, xalq iradəsinin təmsilçisi, dövlət təhlükəsizliyinin yeganə təminatçısı olduğunu bir daha sübut etdi.

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri