Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mediatur təşkil edilib - VİDEO-FOTOLAR

25 İyun 2022 16:22 (UTC+04:00)

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətləri ictimaiyyətə çatdırmaq və Ordumuzun geniş təbliğ edilməsi məqsədilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mediatur təşkil edilib. SİA-nın verdiyi məlumata görə, mediatur çərçivəsində jurnalistlər hospitalda yaradılan məişət və xidmət şəraiti, xəstələrin müalicəsi, eyni zamanda, iş prosesi ilə tanış olublar.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının laboratoriya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vəfa Bilalov bildirib ki, hər bir laboratoriyanın özünəməxsus iş prinsipi var: “İmmunoloji laboratoriyada immunferment analizləri aparılır. Bu laboratoriyada Hepatit A, B, C, D, E hepatitləri yoxlanılır. Bundan başqa, laboratoriyamızda sifilis (SYPHILIS) xəstəliyi üçün testlər aparılır. 50-yə yaxın hormon müayinəsi aparılır. Bizim ən böyük həcmli işlərimizdən biri autoimmun xəstəliklərin müayinəsidir ki, bunu da Azərbaycan üçün yenilik saymaq olar”.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan bankının rəisi, tibb xidməti mayoru Mərdan Hümbətov qeyd edib ki, Qan bankının əsas fəaliyyəti Silahlı Qüvvələrdə xidmət edən bütün hərbi qulluqçuların istər ambulator, istərsə də stasionar müalicəsi, yaralı və xəstələrin qan və qan komponentləri ilə təminatıdır: “Biz bunu təmin etmək üçün əvvəlcə donorlar təyin edirik. Transfuziologiya şöbəsinin tərkibində olan Səyyar qan tədarükü bölməsi müvafiq qruplara uyğun çıxışlar edir”.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın Oftalmologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Səlahəddin Təhməzov isə deyib ki, hospitalda göz xəstəliklərinin müalicəsi üçün yüksək şərait yaradılıb: “Müxtəlif yerlərdə xidmət edən hərbi qulluqçularda döyüşdə və qeyri-döyüş şəraitində əmələ gələn göz xəstəlikləri, göz yaralanmaları, göz patologiyaları ilə bağlı ilkin mərhələdə tibb məntəqələrinə, daha sonra ixtisaslaşmış tibb müəssisəsinə, oradan da ehtiyac olarsa, daha dərinləşmiş tibbi yardım üçün hospitalımıza göndərilir. Hospitala gələn hərbi qulluqçular ilk gündən yerləşdirilir, sonra onlarda olan həmin mövcud patologiya mütəxəssislərimiz tərəfindən fərqli cihazların köməyi ilə araşdırılır. Sonda təyin olunan diaqnoza əsasən müalicə sxemi tərtib olunur”.

Daha sonra jurnalistlərə xəstələrin korpusun qəbul şöbəsinə gətirilməsi prosesi nümayiş etdirilib.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qəbul bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vüsal Quliyev diqqətə çatdırıb ki, xəstələrə qəbul vaxtı ilkin baxışdan sonra ağırlıq dərəcəsinə görə müvafiq yardımlar göstərilir: “Ağır xəstələrə dərhal yardım edilir və onlar müvafiq bölmələrə yönəldilir. Əgər diaqnostikaya ehtiyac varsa, diaqnostika bölməsinə, radiologiya bölməsinə göndərilir, kompüter tomoqrafiya, ultrasəs və rentgen müayinələri olunur”.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Roman Çobanov vurğulayıb ki, hazırda Baş Klinik Hospitalı qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır: “Cənab Ali Baş Komandanın və Müdafiə Nazirliyinin rəhbərliyinin daim qayğısı nəticəsində hər bir hərbi qulluqçu bütün növ tibbi xidmətlə təmin olunub. Hospital bütün xəstələrə istənilən tibbi yardımı göstərməyə hazırdır”.

https://youtu.be/PDqXGe5RTmY

Arzu Qurbanlı