Hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib ordu

25 İyun 2022 12:28 (UTC+04:00)

Qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı qürurla və fəxrlə söyləyir: qüdrətli Azərbaycanın qalib Ordusu iftixar mənbəyimizdir. Bəli, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir.

Döyüş meydanında sözünü demiş, gücünü göstərmiş Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Ölkəmizin strateji üstünlüklərindən biri olan bu reallıq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yaranıb.

Ulu Öndərin ordu quruculuğu sahəsində xidmətləri müstəsna və tarixi əhəmiyyətə malikdir:

- Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ SSRİ dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılıb. Cəmşid Naxçıvanski adına hərbi məktəbin o dövrdə Bakıda açılması Ümummilli Liderin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi-kadrların yetişməsi işinə müstəsna töhfələr verib və bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır;

- Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırıb. Ordu vahid komandanlıq ətrafında birləşdirilibvə nizami ordu yaradılıb. Ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz tərəfindən qoyulub.

Prezident İlham Əliyev qüdrətli Azərbaycan naminə güclü ordu formalaşdırmaq missiyasını uğurla həyata keçirib. Konkret olaraq:

- Reallaşdırılan tədbirlərin nəticəsi kimi, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub, istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır;

- Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu çərçivəsində hərbi məktəblərin fəaliyyətinə böyük önəm verir. Bu isə bəhs olunan sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarı ilə kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan yaradır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər. Hərbçilərimiz bir çox ölkələrdə təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Bütövlükdə, bu gün kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir;

- ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi xüsusi önəm daşıyır. Son illər ərzində respublikada bir çox hərbi zavod yaradılıb və bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Şübhəsiz ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə isə Günnüt əməliyyatı zamanı tarixi qələbələr qazanan Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi tarixi zəfərdir. Bu, müzəffər ordumuzun öz tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərir.

Yeni mərhələdə də ordu quruculuğu xüsusidiqqət mərkəzindədir. Müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həmçininyeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə olduqca önəmlidir. Bir sözlə, hərbi gücümüzün artırılması postmüharibə dönəmində də strateji prioritetlərdən biridir.

Şübhəsiz ki, hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirmək gücündə, əzmində və iqtidarındadır. Biz şanlı Ordumuza inanır, Müzəffər Ali Baş Komandanımıza güvənir, tarixi Zəfərimizlə fəxr edirik!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri