Putin qlobal iqtisadi böhrandan çıxış yolu təklif edib

24 İyun 2022 22:31 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin 14-cü Sammitində videobağlantı vasitəsilə etdiyi çıxışında deyib ki, Qərbin öz səhvlərinə görə bütün dünyanı günahlandırmaq üçün eqoist cəhdləri qlobal iqtisadi böhrana səbəb olub.
Bəzi dövlətlərin düşünülməmiş və eqoist hərəkətləri ucbatından qlobal iqtisadiyyata təsir edən bu böhranlı vəziyyətdən çıxış yolunu yalnız vicdanlı və qarşılıqlı faydalı əməkdaşlıq əsasında tapmaq mümkündür. SİA bu barədə rus saytlarına istinad edir.

Rusiya lideri vurğulayıb ki, hökumətlərarası münasibətlərin həqiqətən çoxqütblü sistemini formalaşdırmaq, birləşdirici siyasət hazırlamaq üçün BRİCS ölkələrinin rəhbərliyinə əvvəlkindən daha çox ehtiyac var və bu, hamılıqla qəbul edilmiş normalara əsaslanmalıdır.

Putinin sözlərinə görə, BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) həqiqətən də böyük siyasi, iqtisadi, elmi, texnoloji və insan potensialı var.

Putin bu ölkələrin qlobal arenada nüfuzunun ildən-ilə artdığını diqqətə çatdırıb.

“Rusiya bütün [BRICS] tərəfdaşları ilə sıx hərtərəfli qarşılıqlı əlaqələri inkişaf etdirməyə və beynəlxalq münasibətlərdəki rolunun inkişafına töhfə verməyə davam etməyə hazırdır”, - Putin bildirib.