Ordumuzun hazırki vəziyyəti necədir? - MÜSAHİBƏ

24 İyun 2022 17:40 (UTC+04:00)

Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimlinin SİA-ya müsahibəsini təqdim edirik:

- 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Silahlı Qüvvələrin 104 illiyi tamam olur. Ordumuzun hazırki vəziyyəti necədir?

- Bu gün hər birimiz xüsusi qürurla, fəxrlə tarixi günləri qeyd edirik. Artıq Azərbaycan Silahlı Qüvvələrinin növəti il dönümünü 2-ci ildir ki, böyük fəxrlə qeyd edirik. Çünki bu gün biz qalib ölkəyik. Vətən müharibəsində böyük tarixi zəfər qazanmışıq. Əlbəttə ki, biz bu zəfəri Müzəffər Ali baş Komandanımız İlham Əliyevə və onun yetişdirdiyi, qurub-yaratdığı ordumuza, hərbiçilərimizə, qazilərimizə, şəhidlərimizin qanına borcluyuq. Azərbaycan ordusunun 90-cı illərin əvvəllərindəki vəziyyətinə nəzər yetirməliyik. O zamanlar Ermənistanın silhalı təcavüzü nəticəsində Azərbaycanda çox böyük ciddi proseslər baş verirdi. Daxili çəkişmələr, özbaşınalıq, xaos, hakimiyyətdə olan qüvvələrin özbaşınalığı mövcud idi. Belə bir dövrdə müstəqilliyini yeni əldə etmiş bir dövlətin ordusu da yaxşı deyildi. Demək olar ki, heç ordunun özü də yox idi, hər biri ayrı-ayrı dəstənin üzvləri idi. Silah, ərzaq çatışmazlığı o dövrün acı təəssüratlarındandır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir çox məsələlər öz həllini tapdı, həmçinin nizami-sıravi ordu yaradıldı. Minlərlə gənc ordu sıralarına yazıldı və biz bu ordunun qəhrəmanlıqlarının şahidi olduq. Dünyada 200-ə yaxın dövlət var və hər birinin öz ordusu var. Biz sevinirik ki, Azərbaycan ordusu da inkişaf etmiş 50 ordunun içərisindədir.

- Qarabağda həllini gözləyən problemlər hələ də qalmaqdadır. Xankəndinə qanunsuz səfərlər təşkil edilir. Bütün bunları ümumiləşdirsək bu gün Qarabağda nə baş verir?

- Bu gün Qarabağda müəyyən qədər ziddiyətli məqamlar var. Azərbaycan dövləti bu istiqamətdə öz mövqeyini ortaya qoyub. Bu gün də qəti və birmənalı mövqeyimiz var ki bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, suveren əraziləridir. Bütün bu aparılan danışıqlar prosesinin təməlində 2020-ci ilin 10 noyabr bəyannaməsi dayanır. Üç tərəfin hər biri orada verilən öhdəliklərə birmənalı olaraq əməl etməlidir. Laçın dəhlizinə paralel olaraq çəkilən yolla bağlı işlər davam edir. Ermənistan hakimiyyati yaxşı anlayır ki, artıq dalana dirəniblər. Bu prosesin uzanmasına yönələn təxribatların nəticəsi olmadığını anlayırlar. Eyni zamanda da Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı qüvvələr anlayırlar ki, onların sonu yoxdur. Çünki biz onların 30 il ərzində torpaqlarımızda etdikləri bütün vəhşiliklərin şahidiyik. Bunun acı nəticəsini isə 44 günlük Vətən müharibəsində gördülər. Azərbaycan dövləti bundan sonra da hüquqi yollarla öz gücünü separatçı qüvvələrə göstərəcək.

- “3+3” platformasının əhəmiyyəti nədir?

- Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra “3+3” formatını irəli sürdü. Bu formatın da müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Burada Türkiyənin də qatqıları var. Cənab Prezident təklifi iləri sürərkən necə uzaqgörən siyasətçi olduğunu bir daha sübut etdi. Çünki bu gün bölgədə çox böyük dəyişikliklər baş verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yeni reallıqlar yaradıb. Bu gün də bu reallıqlardan çıxış etməyə böyük ehtiyac var. Bütün bölgə ölkələri bu reallıqları qəbul etməlidirlər. Dünyada da müəyyən yeni rallıqlar yaranıb. Bir çox siyası hadisələr baş verib. Amma “3+3” formatı bu gün başqa formatda da davam etdirilə bilər. Bu format tək Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yaxşı nəticələr verəcək. Çünki burada ölkələrin qonşuluq, sülh və təhlükəsizlik şəraitində yaşamasına ehtiyac var.

- Ukrayna-Rusiya savaşında Rusiya hazırda tək mübarizə aparır. Bu müharibənin gedişatı necə olacaq?

- Ümumiyyətlə dünyada qütbləşmənin şahidiyik. Rusiya və Qərb, Avropa arasında qarşıdurma yaranıb. Bu təbii ki, qorxulu tendensiyalardır. Amma bu qütbləşmə fonunda Rusiyanın təkləndiyi bir dönəmdə Lavrovun dost axtarışına çıxması, bölgə ölkələrinə səfər etməsi də bir reallıqdır. Əlbəttə ki, Azərbaycanla Rusiya müttəfiqdir. Rusiyanın maraqlarını Azərbaycan olaraq daim qorumuşuq. Bizim qarşılıqlı həm ticari, həm də iqtisadi səviyyədə münasibətlərimiz inkişaf edir. Bu gün də Rusiya ilə müttəfiq kimi bir-birimizin ərazi bütövlüyünü, təhlükəsizliyini təmin edirik. Belə bir dövrdə Azərbaycan həm də Ukraynaya öz hümanitar dəstəyini davam etdirir. Bilisiniz ki, biz həm də Ukrayna ilə dostluq münasibətlərimizi davam etdiririk. Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar olunması üçün çalışan bir ölkədir. Amerikanın Avropa ilə arasında olan münasibətlərə necə mövqe bildirəcəyi də sual altındadır.