Bazar yanır... - FELYETON

24 İyun 2022 16:28 (UTC+04:00)

Vallah, mənə elə gəlir ki, havalar isindikcə bazar daha çox yanır. Siz necə, bu cür düşünürsünüz? Adama elə gəlir ki, o biri fəsillər heç belə olmur. Niyə yayda belə olur axı? Məgər yayda daha çox yeyirik, ona görə, yoxsa havanın istisinə görə? Bilmirəm, nəyə görə, amma vallah bazar yayda yanır. Bu yaysa od tutub yanır...

Yanmaqdan söhbət düşmüşkən, o gün elə bir hadisə baş verdi ki, vallah, dilim qurudu. Bilmədim bazarın gününə yanım, yoxsa bu insanların. Mən söyləyim, siz dinləyin, bəlkə bu söhbətdən siz bir şey anlaya biləsiniz.

O gün qonşulardan biri bazardan gəlirdi. O biri qonşu:-Məmmədqulu haradan gəlirsən bu istidə?

Məmmədqulu:- Ə, qardaş, haradan gələcəyəm, bazardan. Səhərin sübhündən durub getmişəm. Dedim bəlkə bu rayonlardan meyvə-tərəvəz gətirənləri yaxalaya bilərəm, bu uşaqlara bir həftəlik bir az yeməli ala bilərəm. Onu da ki, getməyinə getdim, amma onları tapa bilmədim ki, bilmədim. Nə bilim axı gəlib harada dayanırlar, gətirdiklərini haradan verirlər bu alverçilərə. Yox ey, belə olmaz, gərək öyrənib gələn həftə yenə gedəm, yoxsa baha qiymətə nə qədər meyvə-tərəvəz alım ki, mən yazıq, bu uşaqların qarnı doysun. Vallah, bazar yanır, isti bir tərəfdən, qiymətlər bir tərəfdən, bazar yanır. Yanacaq, qalacağıq yaman günə.

Məmmədqulu kişi bunu demişdi ki, qonşu Fəttah başladı şivənə: -Ə, necə yanı bazar yanır. Ə, Məmmədqulu, sən nə vicdansız adammışsan, gördün bazar yanır, elə qoyub gəldin, bir kömək edərdin də. Boş-boş buralarda gəzincə, qoymazdın da bazarı yanmağa. Gedib bircə alıb gətirib yeməyə cansınız. Bazar orda od tutub yanır, bu qayıdıb gəlib bura.

Kişi danışır, gözlərindən od püskürürdü. Yazıq Məmmədqulu kişi isə səhərin korundan ac-susuz evdən çıxıb, indicə yorğun-arğın qayıdıb gəlib, gəl başına gələnə bax. Fəttah kişi danışdıqca Məmmədqulu kişinin gözləri dörd olur, yazıq bilmirdi ki, bu kişiyə nə desin, necə anlatsın. Bu, mümkün də deyildi. Çünki Fəttah kişinin Məmmədqulu kişiyə aman verəcəyi əsla gözlənilmirdi.

Nə isə ki, artıq buraya toplaşanların sayı artmağa başladı. Fəttah kişi hamını yanan bazara köməyə getməyə çağırdı. Camaat başladı sualllar yağdırmağa: niyə yanır, yanğına səbəb nə olub, nə vaxtdan yanmağa başlayıb, haradək yanıb, xəsarət alan çoxdurmu kimi bir anda bəlkə 20-30 sual yağdırılırdı Fəttah kişinin üzərinə. O da bir hayla-küylə cavab verirdi ki, deyərdin bəlkə Məmmədqulu kişinin əvəzindən özü bazardan gəlir.

Vallah bir kənarda dayanıb hadisəni müşayiət edən, hələ də bir şey anlamayan mən yazıq da Məmmədqulu kişi kimi susmağı üstün tutmuşdum, sakitcə hadisənin necə bitəcəyini gözləyirdim. Burada artıq danışmağın yeri yox idi. Çünki Fəttah kişi elə bir vəziyyət yaratmışdı ki, özündən başqa heç kimin səsi eşidilmirdi və elə bir həşir qoparmışdı ki, ta burada başqa nəyisə anlatmaq müşkül idi.

Nə isə, bir dəstə adam yığışdı Fəttah kişinin başına, üz tutdular bazara, köməyə, Fəttah kişinin təbirincə desək, yanğına köməyə. Yazıq Məmmədqulu kişi isə yerindəcə bayaqdan bəri necə səssizcə dayanmışdısa, o cür də tərpənmədən durmuşdu. Kişini elə bir tok vurmuşdu, nə dinir, nə də danışırdı. Hərdən nəzərlərini üzümdə gəzdirir, sanki mənim hadisəyə münasibətimi bilmək istəyirdi. İnanın ki, yorğunluqdan kişi danışa bilmirdi.

Məmmədqulu kişi heç yerindən tərpənmədi də. O vaxta qədər ki, bazara gedənlər qayıdıb gəldilər. Yenidən dəstgah başlandı. Fəttah kişi yenidən düşdü Məmmədqulu kişinin üstünə ki, ə, sən bizi dolamısan, bəs deyirdin bazar od tutub yanır? Ə, yekə kişisən, utanmırsan, yalan danışırsan? Ə, belə də zarafat olar, bu istidə bizi salmısan küçələrə?

Yanındakılar da bir tərəfdən başladılar: ə, adam qocaldıqca ağlı azalır, özünü apara bilmir kimi neçə-neçə cümlələr bir-biriin ardınca sillə kimi çırpıldı Məmmədqulu kişinin üzünə. Yazıq nə dindi, nə də danışdı. Ayağa qalxıb başını aşağı saldı, yorğun addımlarla üz tutdu evinə.

İndi təsəvvür edin ki, o gedəndən sonra burada nə söhbətlər baş verdi. Bunu yəqin yaxşı bilərsiniz. Çünki belə hadisələr bizim cəmiyyətdə o qədər baş verir ki, hamı buna alışıqdır.

Nə isə... Söhbət yenidən açıldı. Fəttah kişi yazıq Məmmədqulu kişinin söhbətini elə nağıl etdi ki, vallah bayaq orada olmasaydım, az qala mən də inanacaqdım...

Sonra nə oldu? Nə olacaq? Fəttah kişinin odlanmasının səbəbi bilindi. Sən demə Məmmədqulu kişinin axtardığı zəhmət adamlarını bu kişinin övladları hər gün səhər-səhər yaxalayıb əllərindəki məhsulları ucuz qiymətə alıb bazardakı alverçilərə baha qiymətə satırlar. Onlar da bir az üstünə qoyub biz yazıqlara satırlar.

Hə, indi anladım, Məmmədqulu kişi, bazar od tutub yanır deyəndə Fəttah kişinin hay-həşirini. Ancaq bircə onu anlamadım ki, doğrudan da Fəttah kişi söhbəti elə anlamışdı, yoxsa bu bir təşviş idi... Bir də onu anlamadım ki, biz niyə Fəttah kişini anlayırıq, amma Məmmədqulu kişini əsla...

Mətanət MƏMMƏDOVA