"Türk birliyi dünyada öz layiqli yerini tutacaq" - MÜSAHİBƏ

24 İyun 2022 15:47 (UTC+04:00)

Politoloq Elşad Həsənovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. Lavrovun səfəri nəyi dəyişdirəcək?

- Dünən cənab Prezident Sergey Lavrovu qəbul etdi. Bildiyimiz kimi, Lavrov İrandan Azərbaycana gəldi. Görüş zamanı cənab Prezident 2020-ci il 10 noyabrda qəbul olunmuş Üçtərəfli bəyannamənin öhdəliklərini yerinə yetirdiyimizi və sülhə hazır olduğumuzu bəyan etdi. Eyni zamanda 1il 7 aydır ki, Ermənistanın müddəaların bir çoxunu, xüsusilə Zəngəzur dəhlizinin açılmasını gecikdirdiyini Lavrovun nəzərinə çatdırdı və Lavrova bu işdə Rusiyanın böyük köməyi olacağını bəyan etdi. Lavrov da öz çıxışında deyilənləri qəbul etdi. O, inandığını bildirdi ki, bu iş tezliklə baş tutacaq. Lavrov bu görüşdən ümidli olduqlarını və işlərin baş tutmasına Rusiya olaraq çalışdıqlarını qeyd etdi.

- Sizcə ermənilən gözlədikləri yardım və kömək ümidi qırıldı?

- Cənab Prezident həmişə öz çıxışlarında Azərbaycan ərazisində yaşayan digər xalqlar kimi erməni xalqının da hüquqlarına, onların təminatlarına bizim Konstitusiya ilə təminat verildiyini qeyd edib. Orada razılaşdırılmışdır ki, status söhbəti danışılmasın. Nikol Paşinyan da status söhbətini etmədi. Status məsələsi sonradan müxalifətin təzyiqi ilə meydanlarda səsləndi.

Ermənistanda yaşayan əsas erməni kütləsi sülh istəyir. Onlar Azərbaycanın prinsiplərinə razıdırlar. Nikol Paşinyan da buna razı oldu. Onu istəməyən müxalifət qüvvələri və keçmiş Qarabağ klanları mitinqlər təşkil etdilər ki, bu da alınmadı.

Bu günləri dünya birliyi, AŞ, ABŞ və Rusiya bizim sülh dəstəyimizi bəyənirlər və bu barədə öz fikirlərini irəli sürürlər. Biz elə bir siyasət aparırıq ki, buna qarşı arqument tapa bilmirlər.

- Ermənilər yaşadıqları Zabux kəndindən çıxacaq?

- Zabux kəndi qədim Azərbaycan torpağıdır. Bu kənddə 1992-ci ilə qədər, yəni işğala qədər azərbaycanlılar yaşayıb. Orada yaşayanlar Azərbaycan və Ermənistandakı yaşayışı görürlər. Onların bələdiyyə sədri qeyd edib ki, ermənilər Zabuxda qalmaq istəyirlər. Arayik Arutunyan isə həmin kəndin Ermənistana verilməsi üçün danışıqlara gedib. Ancaq mən düşünürəm ki, Arayik Arutunyanın Moskvaya getməsinin bir neçə səbəbi ola bilər. Bilirsiniz ki, əvvəllər bütün separatçı qüvvələr Moskvadakı bəzi revanşist qüvvələr və Moskvada yaşayan erməni lobbisi tərəfindən maliyyələşdirilirdi. Onlar da Qarabağda sülhün olmasını istəmirlər. Biz müharibəni Rusiyanın təkidi ilə dayandırdıq. Ona görə də Rusiya sülh sazişinin olmasında maraqlıdır. Biz Azərbaycan olaraq öhdəliyimizdə olan hər məsələni yerinə yetirmişik.

- Lavrovun səfərindən sonra sülh müqaviləsinin imzalanması istiqamətində hər hansı addımlar atılacaq?

- Sülhü Rusiya, Azərbaycan, Amerika və Avropa İttifaqı istəyir. Rusiya həm də Zəngəzur dəhlizinin açılmasını istəyir. Çünki bu dəhliz Rusiya üçün çox önəmlidir. Bu Rusiya üçün birnəfəslikdir. Çünki Avropa Rusiyaya qarşı sanksiya tətbiq etdi. Rusiya yük daşıyan maşınları Avropaya gedə bilmir, təyyarələr uçmur, neft və neft məhsullarına artıq qadağa qoyulub. Rusiya üzünü Çinə, Hindistana və Şərqə tutub. Şərq də Azərbaycan yolundan keçməlidir.

- Rusiya-Ukrayna savaşı davam edir. Biz Qarabağdakı problemlərimizi həll etmək üçün bu fürsətdən necə istifadə edə bilərik?

- Zaman bizə işləyir. Əvəllər bizim belə gücümüz yox idi. Zaman erməniyə işləyirdi. Rusiyanın müəyyən dairələrinin gücü ilə onlar bizim torpaqları işğal etdilər. Lakin Vətən müharibəsində biz öz ərazimizdə torpağımızı düşmən tapdağından azad etdik. Buna heç kim qarışa bilmədi. Biz müharibə nə deməkdir görmüşük. Buna görə də istəyirik ki, heç kim bundan əziyyət çəkməsin. Lakin bunlar bizim istəyimizdən asılı deyil. Rəcəb Tayyip Ərdoğan da müharibənin dayandırılması üçün danışıqlar apardı. Rusiya-Ukrayna müharibəsinin indiki şəraitdə dayanması mümkün deyil. Çünki Ukrayna alınan torpaqlarını geri istəyir, Rusiya isə əksinə aldıqlarını vermək istəmir. Buna görə də müharibə getdikcə şiddətlənir. Bu gün artıq müharibənin başlanmasından 120 gün ötür. İnsan baxdıqca dəhşətə gəlir.

- Savaşda Ukrayna qalib gəlsə bölgədə nə baş verə bilər?

- ABŞ dünyanın hegemon ölkəsidir. Dünyanın pul vahidi də onlardır. Onlar dünya iqtisadiyyatını idarə edirlər. Nə yaxşı ki, bu dövrdə biz Azərbaycan olaraq gücləndik və Türk Birliyi yarandı. Türk birliyi dünyada öz layiqli yerini tutacaq. Ukraynanın poliqon olması tarixin zərurətinə çevrildi. Çünki Rusiyanı Avropa və Amerika diktatura ölkəsi kimi sayır. Ukraynada isə azad demokratik seçkilər keçirilərək Zelenski prezident seçildi.

Ayşən Vəli