"Xarici məsələlər də Ermənistanı çətin vəziyyətə salır" - POLİTOLOQ AÇIQLADI

24 İyun 2022 15:18 (UTC+04:00)

“Bu gün Ermənistanda həm daxili vəziyyət, həm də xarici vəziyyət ağırdır. Daxili vəziyyət ona görə ağırdır ki, müxalifət dayanmdan mitinqlər keçirir və hökumətə bu və ya digər formada basqı etməyə çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, xüsusən də Paşinyan hökumətininin Azərbayanla sülh danışıqları aparmasına mane olmağa çalışırlar: "Digər tərəfdən xarici məsələlər də Ermənistanı çətin vəziyyətə salır. Son 4 ayda Rusiya ilə Ukrayna arasında baş verən proseslər, uzunmüddətli müharibə keçidi Ermənistanın maraqlarına da müəyyən mənada təsir edir. Ona görə düşünürəm ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrdə törətdiyi bu təxribatlar həm də rusiyapərəst təşkilatların işidir. Sərhəddə və ya rus hərbiçilərinin müvəqqəti dislokasiya edildiyi Qarabağ ərazisində təxribatların törədilməsi sülh prosesinin ləngiməsinə xidmət edir. Eyni zamanda Azərbaycan və Ermənistan arasında gərginliyin daimi şəkildə saxlanılmasına xidmət edir.

Düşünürəm ki, bütün bunları nəzərə aldıqda bu proseslərin haradan və necə qaynaqlandığını görə bilərik. Bunlara baxmayaraq Azərbaycan tərəfi qəti şəkildə mövqe ortaya qoyub və Ermənistanın sülh danışıqları prosesinə cəlb edilməsi Azərbaycanın tələb etdiyi şərtlərin qəbul edilməsini tələb edir. İndiki situasiyada Ermənistanda təxribatlar hələ uzun müddət davam edəcək. Əlbəttə ki arxasında duran qüvvələr Kremlə bağlı qüvvələrdir. Bunlar təbii ki, proseslərin ləngiməsini istəyirlər. Onu da qeyd edim ki, Lavrov bu gün Azərbaycandadır və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Bu görüş çərçivəsində artıq bəzi məsələlər müzakirə olunub. Xüsusilə ölkə başçısı Lavrovla görüşdə Ermənistanın qeyri-konstruktiv sülh danışıqları prosesindən bəhs edib. Düşünürəm ki, növbəti dövr ərzində artıq Ermənistanın qarşısına seçim qoyulacaq. Ya təxribatlardan əl çəkib sülh danışıqları prosesini davam etdirməlidir, ya da üçüncü anti-terror əməliyyatları baş verəcək”.