Ceyhun Bayramovla Sergey Lavrov birgə mətbuat konfransı keçirib - YENİLƏNİB

24 İyun 2022 14:46 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan media nümayəndələri ilə yanaşı həmçinin Rusiyanın media nümayəndələri də iştirak edib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir: “Bu münasibətlər uzun tarixə malikdir. İndiyədək ölkələr arasında 200-dək müqavilə və saziş imzalanıb. Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur. Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir. Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq. Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb. Bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir. Bu gün Şimal-Cənub layihəsi daha da inkişaf etdirilə bilər. Əsas diqqət regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib. Bununla əlaqədar olaraq, Şimal-Cənub layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu layihə öz səmərəliliyini göstərib və daha da inkişaf etdirilə bilər”.

Ceyhun Bayramov həmçinin Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf etdirdiklərini və Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələrə malik olduğunu xatırladıb.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir: “Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk. Dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilir. Payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri festivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq. Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.

Sergey Lavrov ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırdığını vurğulayıb: “Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk. Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq”.

Sonda isə media nümayəndələrinin sualları cavablandırılıb.

Arzu Qurbanlı