Müzəffər, qalib Azərbaycan ordusu TƏHLİL

24 İyun 2022 14:29 (UTC+04:00)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük nailiyyətlərə imza atmışdı. Görülən işlər sırasında ordu quruculuğu sahəsindəki tədbirlər böyük əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa zaman məsafəsində Azərbaycanda milli ordu quruculuğunda uğurlar əldə edildi. Bu gün həmin tarixdən bir əsrdən artıq zaman ötür. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

AZƏRBAYCAN ORDUSUNUN GÜCÜ DÖVLƏTİN QÜDRƏTİNİN GÖSTƏRİCİSİDİR

Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq. Xüsüsilə də Böyük Sərkərdəlik, Liderlik bacarığına malik dövlət başçımızın rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi qaçılmaz idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Regionun hazırlıqlı Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur. Bu, şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu prosesinə xüsusi önəm yetirilirdi. Vurğulamaq yerinə düşər ki, milli ordu quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev hələ Sovetlər dövründə müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsini, zəngin hərb tarixinin canlandırılmasını, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsini, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsini hər zaman diqqət mərkəzində saxlayırdı. Bunun nəticəsi idi ki, Sovet illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı.

MİLLİ ZƏMİNDƏ APARILAN HƏRBİ-TƏŞKİLATİ İŞİN ZİRVƏSİ

Sovet dövründə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı. Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması məqsədi ilə ardıcıl işlər görüldü. Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə olduğu halda, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, Azərbaycan Dövlət Pedaqoji İnstitutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı və hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Biri Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, digəri isə Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması oldu. C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndərin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan ilə müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o zamankı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib. Bu gün sabitlik, iqtisadi inkişaf və güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəricilərindəndir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

CƏNUBİ QAFQAZ REGİONUNDA ƏN GÜCLÜ ORDU

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilmişdi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu göstərdi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi. Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə öz gücünü göstərdi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracağına inamımız sonsuz idi. Nəhayət, həmin zaman yetişdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Ermənilərin qoyub qaçdığı hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Vətən müharibəsində qazanılan zəfər bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu. Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var.

Zümrüd BAYRAMOVA