Madrid icması Formula-1 Qran prisinə ev sahibliyi etmək istəyir

24 İyun 2022 02:49 (UTC+04:00)

Madrid icmasının hakimiyyət orqanları Formula-1 yarışlarının prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə yaxın illərdə bölgədə Qran priyə ev sahibliyi etməklə bağlı müraciət ünvanlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı məktubu Madrid icmasının ədliyyə, daxili işlər və zərərçəkmişlər naziri Enrike Lopez imzalayıb. Məktubda bildirilir ki, Madrid yaxın illərdə dünya trassının bir hissəsi olmağa və Formula-1 Qran prisinin dayanacaqlarından birinə ev sahibliyi etməyə hazırdır.

Madrid icması hökumətinin sədri İzabel Diaz Ayusonun sözlərinə görə, bölgənin səmərəli nəqliyyat sistemi, əlverişli hava şəraiti, mədəni və qastronomik zənginliyi və yaxşı mehmanxana infrastrukturu var.

Madrid bölgəsində sonuncu Formula-1 yarışı 1981-ci il iyunun 21-də Madrid şəhərindən 30 kilometr şimalda yerləşən Xarama trassında keçirilib.