“Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir, nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq”- İlham Əliyev
Son dövrlərdə cəmiyyətimizdə bəzi qüvvələr tərəfindən milli-mənəvi dəyərlərə qarşı hücumlar artıb. Bu hücumları təşkil edənlər əxlaqi kriteriyalara, mənəvi dəyərlərə qarşı təbliğat aparır, öz əxlaqını, vicdanını, namusunu- ailə dəyərlərini qoruyan insanları geridəqalmış kimi qələmə verməyə çalışırlar.
Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu?
Avropa dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi faciələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var.
Qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkişafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırır və deyirlər ki, görürsünüzmü, Qərb ölkələri mənəvi dəyərləri kənara atıblar deyə necə inkişaf ediblər.
Lakin onlara Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, yaponların timsalında bir xalq öz dəyərlərini, mədəniyyətini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Daha bir belə nümunə kimi Çini göstərmək olar. Tərslikdən də, Çin və Yaponiya Qərbdə yox, Şərqdə yerləşirlər. Deməli, elmi-texnoloji, sosial-iqtisadi inkişaf üşün heç də Qərb dəyərlərini qəbul etmək vacib deyil.
İnsan hüquqları, yoxsa anarxik əxlaqi deqradasiya?
İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə sırınan dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları adı altında. Bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr kimsə tərəfindən əzilirmi? Psixi xəstələr tərəfindən edilən tək-tük kriminal hərəkətləri nəzərə almasaq, xeyr!
Kişilərin həmişə qadınlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə faydalı ictimai fəaliyyət göstərib.
Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda, həmin uşağın axırı cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun tərbiyəsinin pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır. Bəlkə yeniyetmə qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm? Xeyr, bağışlayacaqsınız, bunlar hüquq deyil, anarxiyadır, mənəvi deqradasiyanın kulminasiyasıdır.
Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub?
İndi isə keçək yad dəyərlərin təbliğatçılarının ən yaralı yerlərindən birinə- cinsi azlıqların hüquqları məsələsinə. Bizim cəmiyətdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da ictimai yerlərdən qovulurmu? Xeyr! Onlara vəziyyətdən asılı olaraq fiziki ya da psixoloji cəhətdən xəstə adam kimi baxırlar. Onlar digər vətəndaşların istifadə etdiyi bütün sosial və sair hüquqlardan yararlanırlar. Onlar əmlak, sosial təminat, əmək hüququ məsələlərində ayrı-seçkiliyə məruz qalırlarmı? Xeyr.
Dəyərlər niyə dəyişməlidir və ya necə dəyişməlidir?
Mənə şəxsən aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri yad mədəniyyətlərdənmi qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə misal üçün, Sovet dövründə həm mənəvi-əxlaqi dəyərlərimizi qoruyurduq, həm də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi? Elə indi də, milli-mənəvi dəyərlərimiz elmi-texniki inkişafımıza heç bir problem yaratmır.
Deməli, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərlər sistemi var. Elmi-texnoloji, sosial-iqtisadi inkişafın bura heç bir dəxli yoxdur.
Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Olar! Yaxşı, bəs onda nə deyib bizim ailə institumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır.
Əxlaqsızlığın təbliğinə görə sərt cəzalanma olmalıdır
Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda əxlaqsızlığın təbliği də qanunla qadağan olunmalıdır. Mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görülməlidir. Çünki, bu, bir milli təhlükəsizliik məsələsidir. Necəmi?
Heç kəsə sirr deyil ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Allen Dallesin SSRİ-yə qarşı məşhur “Məhvetmə” planına bənzər doktrinaların hazırda hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə tətbiq edilməsinə çalışılır.
Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “...Biz bütün gücümüzü insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!
İnsan beynində xaos yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necəmi? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.
Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq... Ədəbiyyat, teatr, kino ən alçaq insani hissləri təsvir və mədh edəcək.
Biz insanların şüuruna seks, zorakılıq, sadizm, satqınlıq kultunu, bir sözlə hər cür əxlaqsızlığı yeridən və yayan adamları dəstəkləyəcəyik…
Çox az adam nə baş verdiyini başa düşəcək. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.
…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində uşaq, yeniyetmə yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə gənclərə edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan həyasız, heyvərə və kosmopolitlər düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.
Mənəvi deqradasiya milli təhlükəsizlik üçün təhdiddir
Əlbəttə, heç bir mənəvi dəyərə malik olmayan cəmiyyəti kənardan dağıtmaq, onu özünə tabe etmək, istismar etmək asandır. Axı yalnız möhkəm əxlaqi, mənəvi bazaya malik insanlar öz ailəsi, öz vətəni, öz xalqı uğrunda döyüşürlər. Biz bunun əyani nümunəsini sonuncu dəfə 2-ci Qarabağ müharibəsində gördük. Vətənpərvər, namuslu, əxlaqlı insanlarımız öz canlarını qurban verib vətənimizi azad etdilər.
İndi sadəcə düşünək- müasirlik adı altında mənəvi dəyərlərə tüpürən, həyatını ancaq əyləncə üzərində quran, bivec həyat tərzi sürən, eqoist və yelbeyin gənclər öz vətəni, öz xalqı uğrunda canını qurban edərmi? Əlbəttə ki xeyr. Bax təkcə bu nümunədən gənc nəsli milli-mənəvi dəyərlərimizin bazasında formalaşdırmağın xalqımız və dövlətimiz üçün həyati əhəmiyyətli məsələ olduğunu anlamaq olar.
Ona görə də, dövlətimiz milli-mənəvi ideoloji baza üzərində inkişaf siyasəti yürüdür. Yazıma Prezident İlham Əliyevin bu məsələlərə həsr olunmuş çıxışlarından bir neçə fraza ilə yekun vurmaq istərdim:
“Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır.... Bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər və onları istənilən istiqamətə göndərmək mümkün olsun. Budur bunun təməlində dayanan əsas məqsəd.
...Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət qurmuşuq. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq”.
Elçin Bayramlı
Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur.