Prezident İlham Əliyev isə Bakı Forumunda öz sözünü çoxdan deyib və Minsk qrupuna “qudbay” arzularını ünvanlanlayıb...
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ABŞ-ın dövlət katibinin müavini Karen Donfridin Vaşinqtonun Rusiya ilə ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıq etməyə hazır olması ilə bağlı fikirlərini şərh etməsi, eləcə də həmin bəyanatı qeyri-səmimi adlandırması növbəti mümkün ehtimalları önə çıxarır. Misal üçün, Zaxarova xatırladıb ki, hələ Donfridin sözügedən bəyanatına qədər, daha dəqiq desək fevralın 24-də ATƏT-in Minsk qrupunun fransız və amerikalı həmsədrləri Rusiyadan olan həmkarları ilə kontaktlarını birtərəfli qaydada pozduqlarını bəyan ediblər və həmin bəyanatlarına heç bir izahat verməyiblər. Zaxarovanın sözlərinə görə, bu bir çox hallarda ATƏT-in Minsk qrupuna vurulan ağır və düzəldilməyəcək zərbədir.
Rusiya da Azərbaycanın dalınca açıq-aydın şəkildə nümayiş etdirdi ki, ATƏT-in Minsk qrupuna geri dönüş yoxdur
“Bu kimi məsuliyyətsiz fəaliyyətlərin bir daha təkrar olunmayacağına zəmanət verən yoxdur. Heç nəyin baş vermədiyi görüntüsünü yaratmaq da sadəcə alınmayacaq. Yeni reallıqları nəzərə almağa ehtiyac var”, deyə Rusiya XİN-nin rəsmisi bildirib. Və...
Və artıq fakt bundadır ki, Rusiya da Azərbaycanın dalınca açıq-aydın şəkildə nümayiş etdirdi ki, ATƏT-in Minsk qrupuna geri dönüş yoxdur. Prezident İlham Əliyev Bakı Forumunda öz sözünü dedi və Minsk qrupuna “qudbay” arzuları ünvanlandı...
Ancaq daha bir maraqlı məqam budur ki, əslində amerikalılara da ATƏT-in Minsk qrupu elə də əhəmiyyətli deyil. ABŞ-da da anlayırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev və xalqı həmin formatı rədd edəcək.
Donfrid ABŞ-ın Rusiya ilə ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıq edə biləcəyi ilə bağlı bəyanatını səsləndirərkən əslində Moskvanı təxribata çəkməyə və Zaxarovanın verəcəyi cavabı almağa çalışıb
Bundan əlavə, Qərb Ermənistan-Azərbaycan gündəmində yalnız Avropa İttifaqının vasitəçiliyi ilə təqdim olunur, üstəlik həmin vasitəçilik Vaşinqton tərəfindən dəstəklənir. Bu baxımdan, görünən daha bir məsələ budur ki, Karen Donfrid ABŞ-ın Rusiya ilə ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıq edə biləcəyi ilə bağlı bəyanatını səsləndirərkən əslində Moskvanı təxribata çəkməyə və Mariya Zaxarovanın verəcəyi cavabı almağa çalışıb və bu cavabı alıb da. ABŞ həmin vasitə ilə ictimai rəyə və xüsusilə erməni hökumətinə göstərməyə çalışıb ki, siz – yəni ermənilər Minsk qrupunu istəyirsiniz, amma müttəfiqiniz olan Rusiya bu istəyinizə blok qoyur. Ona görə də gedin əvvəlcə onlarla razılaşdırın. Beləliklə, ABŞ həmin məsələdə yaxasını kənara çəkməklə özünü təmizə çıxarmağı bacarıb.
Erməni dipolimatiyası eyniadlı oyunda sirk küçüyü rolunu alıb
Ancaq sözügedən fonda ən rüsvayçı görünən məhz erməni diploimatiyası və onun başında dayanan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyandır. Hətta belə desək, bu şəxs eyniadlı oyunda sirk küçüyü rolunu alıb.
Fəqət, buna baxmayaraq və Rusiyanın da ATƏT-in Minsk qrupunu rədd etməsinə rəğmən, Ermənistan batarkən yapışdığı saman çöpündən – yəni Minsk qrupundan nə isə ala biləcəyini düşünür və bu mövzunun Paşinyan-Mirzoyan və Donfrid tərəfindən davam etdiriləcəyini bəri başdan ehtimal etmək mümkündür. Etdirməyinə etdirsinlər, amma həmin mövzunun bir daha reallaşmayacağını indidən anlasınlar, əlbəttə ki, anlamağa cəhd göstərsələr...
Rövşən RƏSULOV